Bakıda taksilərlə bağlı müəyyən duracaqların yaradılması planlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb. Bu barədə agentliyin açıqlamasında bildirilib. Məlumatda qeyd edilib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur. Onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də AYNA məsələyə kompleks yanaşma tətbiq edir.
Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur.
Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib-düşmə yerlərinin (drop off) təşkil edilməsi ilə bağlı təhlillər aparılıb və layihə hazırlanıb. Layihəyə əsasən, Tbilisi prospektində taksilərin dayana biləcəyi altı məntəqə müəyyən edilib. Tezliklə işlərin icrasına başlanılacaq.
Maraqlıdır, yeni layihə Bakını tıxacdan xilas edə biləcəkmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı referans.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ümumi olaraq taksi fəaliyyətinin yenidən qurulması, bunun inkişaf etdirilməsi birbaşa tıxacların yaranmasına və həll olunmasına bağlı addımlardan biridir:
“Çünki taksi fəaliyyəti ümumi olaraq piyadalar ilə şəhər infrastrukturu arasında keçiddir. Bu keçid olmasa, yəni taksi olmasa bu mümkün deyil. Məsələn, hansısa şəxs işə gedən zaman mütləqdir ki, hər hansı məsafəni qət edəndə müəyyən dərəcədə taksidən istifadə etsin. Buna biz “manatlıq taksi”, “ulduz taksi” deyə don geyindirmişik. Avtobusların sayı kifayət etmədiyi üçün insanlar məcbur taksidən də istifadə etməlidirlər. Taksilər marşrutlardan bir pillə geri atılıb. Avtobuslar üçün kifayət qədər zolaqlar salınıb, yerlə ayrılıb”.
Ekspert əsas məsələrdən birinin Bakı ətrafı qəsəbələrdə, şəhərin mərkəzinə doğru olan yerlərdə taksilərin dayanacaqlarının təşkil edilməsinin vacib olduğunu qeyd edir: “Yəni rahat şəkildə taksilər vətəndaşı düşürsün. Söhbət dayanmaqdan getmir, durmaqdan gedir. Bəzən bunları səhv salırlar. Yəni gəldin, sərnişini düşürdün, 5 dəqiqə ərzində yer boşaldılmalıdır. Bu şərait yaradılarsa, avtomatik olaraq tıxacların düyün nöqtələri olan ərazilərdə, məsələn 20 Yanvar metro stansiyasının üstü, Koroğlu, Sahil metro stansiyası və s. yerlərdə tıxacların qarşısı alınacaq. Metrolara giriş – çıxışı təmin etmək üçün taksilərçün şərait yaradılmalıdır. Bu olarsa, demək olar ki, taksi fəaliiyyətinin yüksəldilməsi, xidmət keyfiyyətinin artırılması daha da yaxşı olacaq”.
Nəqliyyat eksperti Aslan Əsədov sonda AYNA tərəfindən atılacaq addımları isə real hesab etməyib.
