Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir dövrdə iki ölkə arasındakı sərhədlərin açılması məsələsi yenidən diqqət mərkəzinə gəlib. Ekspertlər hesab edirlər ki, sərhədlərin açılması yalnız texniki deyil, həm də siyasi və diplomatik proseslərin uğurla yekunlaşmasından asılıdır.
Bəs bu ilin sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərinin açılması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında müəyyən əməkdaşlıq elementləri mövcuddur:

“Hazırda Azərbaycan və Ermənistan arasında müəyyən əməkdaşlıq var. Prinsip etibarilə, sülh sazişinin imzalanması baş tutarsa, bundan sonra qarşılıqlı tanınma və sərhədlərin açılması məsələsi də reallaşa bilər. Müəyyən mənada tərəflər arasında tanınma mövcuddur və bəzi məsələlər üzrə əlaqələr saxlanılır. Eyni zamanda sərhədlərin müəyyənləşdirilməsi istiqamətində də addımlar atılır”.
Politoloqun sözlərinə görə, sərhədlərin açılıb-açılmayacağı əsasən siyasi münasibətlərin səviyyəsindən asılıdır:
“Sərhədlərin açılması üçün hazırda xüsusi bir zərurət görünmür. Lakin diplomatik münasibətlər normallaşarsa, tərəflər arasında anlaşma əldə olunarsa və ən əsası sülh sazişi imzalanarsa, o zaman sərhədlərin açılması da mümkündür”.
Əli Mustafa qeyd edib ki, bu ilin sonuna qədər sərhədlərin açılması ehtimalını istisna etmək olmaz, lakin bunun üçün ilk növbədə sülh prosesində ciddi irəliləyiş əldə edilməlidir. Onun fikrincə, prosesin taleyi yaxın aylarda Bakı ilə İrəvan arasında aparılan danışıqların nəticələrindən asılı olacaq.
Aynurə İsmayıl
KONKRET.az
