İşğaldan azad olunan ərazilərə qayıdış prosesi çərçivəsində keçmiş məcburi köçkünlərin mənzil təminatı məsələsi aktual olaraq qalır. Xüsusilə, Bakıda və ya digər bölgələrdə evi olan şəxslərin Qarabağda evlə təmin olunub-olunmayacağı ilə bağlı suallar müzakirə olunur.
Maraqlıdır, Bakıda və ya digər bölgələrdə evi olan keçmiş məcburi köçkünlər Qarabağda evlə necə təmin olunur və onlardan hansı şərt tələb edilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, əsas prinsip evsiz məcburi köçkünlərin prioritet qaydada köçürülməsidir.

Onun sözlərinə görə, hazırda Qarabağa əsasən şəxsi mülkiyyəti olmayan və uzun illər yataqxana və ya müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər yerləşdirilir:
“Bildiyim qədər evi olmayan məcburi köçkünlər ora köçürülür. Əgər şəxsin başqa yerdə evi varsa və Qarabağa köçmək istəmirsə, onu məcburi şəkildə göndərmirlər. Şəxsi mülkiyyətində evi olanlar üçün əlavə mənzil nəzərdə tutulmamalıdır.”
Deputat qeyd edib ki, dövlət xətti ilə verilmiş mənzillərdə yaşayan şəxslər Qarabağa köçmək istədikdə müəyyən şərtlərə əməl etməlidirlər. Belə ki, həmin evlər dövlət balansında qalır və onlara mülkiyyət sənədi (kupça) verilmir.
F.Mustafanın sözlərinə görə, mülkiyyət hüququ yalnız Qarabağa qayıdaraq orada daimi yaşamağı qəbul edən şəxslərə verilməlidir:
“Əgər dövlət tərəfindən verilmiş evi təhvil verməsələr, Qarabağa köçmək də mümkün olmur. Çünki həmin mənzillərə kupça verilmir. Mülkiyyət sənədi yalnız Qarabağda məskunlaşıb orada yaşayan məcburi köçkünlərə təqdim olunmalıdır.”
Beləliklə, açıqlamadan aydın olur ki, yeni yaşayış məntəqələrində mənzil təminatı əsasən evsiz və rəsmi qeydiyyatda olan keçmiş məcburi köçkünlərə şamil edilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
