“Hazırkı sinoptik vəziyyətə və uzunmüddətli iqlim göstəricilərinə əsasən, noyabr ayının son günlərində Bakıda qar yağması ehtimalı çox aşağıdır, lakin atmosfer proseslərinin dəyişkənliyi səbəbindən sulu qar və ya qısamüddətli temperatur enməsi tam istisna edilmir”.
Bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Hazırda Bakı və Abşeron yarımadasında cənub-qərb axınlarının təsiri ilə mülayim hava şəraiti üstünlük təşkil edir. Gündüz temperatur 17–22°C, gecə isə 7–12°C isti diapazonunda dəyişir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşamdan etibarən ölkə ərazisində hava şəraiti dəyişəcək və temperatur 5–10 dərəcə enəcək. Lakin bu soyuma dalğası paytaxtda temperaturu sıfır dərəcəyə, yəni qar həddinə çatdırmaq üçün kifayət deyil. Bu müddətdə yağıntılar Bakıda yalnız yağış, yüksək dağlıq ərazilərdə isə qar şəklində düşəcək”.

Ekspert vurğulayır ki, 2026-cı ilin noyabr ayı üzrə rəsmi proqnoza əsasən, ayın orta temperaturunun iqlim normasına yaxın olacağı, gecələr 9–14°C, gündüzlər isə 15–20°C isti təşkil edəcəyi bildirilir.
“ Noyabr ayında Xəzər dənizinin su səthinin temperaturu hələ də kifayət qədər isti, təxminən 13–15°C səviyyəsində qalır. Şimaldan və ya şimal-qərbdən, yəni Skandinaviya və ya Kara dənizi hövzəsindən çox güclü arktik antisiklon daxil olmadıqca, Bakıda havanın temperaturu 0°C-dən aşağı enmir.
Paytaxtda noyabrın son ongünlüyündə qarın yağması üçün Arktika mənşəli kəskin soyuq hava axınının birbaşa Xəzər hövzəsinə daxil olması və eyni zamanda cənub siklonu ilə toqquşması tələb olunur. Çoxillik müşahidələrə görə, Bakıda noyabr ayında qar çox nadir hallarda müşahidə olunur. Mövcud sinoptik modellər ayın sonuna doğru paytaxtda temperaturun 5–10°C aralığına qədər enə biləcəyini göstərsə də, davamlı şaxta və qar örtüyünün yaranması gözlənilmir”.
Aynurə İsmayıl
KONKRET.az
