Kilsə fəlakətinin günahkarı kimdir?backend

Kilsə fəlakətinin günahkarı kimdir?

Vaxtilə Avropada Reformasiya tarixini, təxminən 500 il əvvəl baş verən hadisələri araşdırarkən məni bir sual düşündürürdü: katoliklərin özləri Qərb kilsəsinin başına gələn bu fəlakətin səbəblərini necə izah edirlər?

Araşdırdıqca isə təəccübləndim. Çünki gördüm ki, baş verənlər bu gün bizim doğma Rus Pravoslav Kilsəsində yaşanan proseslərlə nə qədər çox oxşardır.

Bəs Reformasiya hərəkatı sadə xalq arasında niyə bu qədər sürətlə yayıldı? O dövrün az savadlı, demək olar ki, savadı olmayan, dini ehkamları və ilahiyyatı dərindən anlamayan insanları nə üçün islahatçıların ardınca getdilər?

Katolik kilsəsinə bunun səbəbini anlamaq və etiraf etmək üçün 50 il, üstəlik, Avropadakı dindarlarının yarısını itirmək lazım gəldi. Nəhayət, Trident kilsə məclisinin qərarlarında bu həqiqət öz əksini tapdı.

Məsələ kilsənin simasının – yəni keşişlərin, yepiskopların və Romadakı ali dini rəhbərliyin adi insanların İncilə əsaslanan gözləntilərinə uyğun gəlməməsində idi.

Əsas səbəblər tamahkarlıq, var-dövlət hərisliyi, lovğalıq, formalizm və laqeydlik idi.

Deməli, problem dini ehkamlarda deyildi. Sadə insanları ehkam mübahisələri maraqlandırmırdı. Onlar kilsənin həqiqi xristian simasına sahib olmasını istəyirdilər.

Əvvəlcə isə ritorika bu gün bizim kilsə kürsülərindən səslənən fikirlərdən heç nə ilə fərqlənmirdi:

– Bütün günah anti-kilsə qüvvələrindədir. Şeytan kilsəni dağıtmağa çalışır. Üstəlik, həmin şeytan bizdə – kanonik kilsənin yepiskopları və keşişləri arasında deyil. Xeyr, o, kilsənin düşmənləri vasitəsilə onu məhv etməyə çalışır.

Bəs nəticə nə oldu?

Katoliklər bu qədər itkilərdən, müharibələrdən və sarsıntılardan keçməli oldular ki, nəhayət, təvazökarlıq göstərərək etiraf etsinlər:

– Günahkar bizik! Bəli, Tanrının öz kilsəsini etibar etdiyi insanlar – məhz biz! Biz o qədər pis xristianıq ki, bütün dünyada bizim üzümüzdən Tanrının adı təhqir olunur.

Bilirsiniz, kilsədə hamının günahkar olması arqumenti də problemi həll etmir.

Məsələn, bizdə kimisə tənqid etməyə başlayan kimi qarşılığında dərindən ah çəkərək belə bir cavab eşidirsən:

– Axı yer üzündəki kilsə günahkar insanların birliyidir.

Amma bu fikri səsləndirənlər nədənsə nəzərdə tuturlar ki, günahkar olanlar patriarx, yepiskoplar və keşişlər deyil. Guya günahkar olanlar yaşlı mömin qadınlar, çoxuşaqlı analar, bir sözlə, sadə dindarlardır. Onlar kifayət qədər yaxşı xristian deyillər, bütün problemlər də elə bundan qaynaqlanır. Kaş ki, hamısı bir az yaxşı olaydılar…

Bir dəqiqə, dünyadan kilsəyə baxan insanlar onun haqqında fikir yürüdərkən yaşlı mömin qadınlara və adi dindarlara baxmırlar. Onlar keşişlərə, yepiskoplara və patriarxa baxırlar.

Dövlətin fəaliyyətini qiymətləndirərkən də heç kim xadimə Maşanın işinə baxmır. İnsanlar Putinin, qubernatorların, rayon rəhbərlərinin fəaliyyətini dəyərləndirirlər. Heç kim də xadimə Maşanı qabağa verib məsuliyyətdən yayına bilməz.

Hətta insanlar kilsə qanunlarına, qaydalara, müqəddəs ataların yazdıqlarına da baxmırlar.

Xalqın İncil və Məsih haqqında özünün əsrlər boyu formalaşmış sadə təsəvvürü var. İnsanlar kilsəni məhz həmin təsəvvürlə müqayisə edərək qiymətləndirirlər.

Yadımdadır, bir dəfə ucqar bölgələrin birində kənd keşişi ilə rastlaşmışdım. Saqqalı az qala göbəyinə çatırdı. Mənə belə dedi:

– Moskvada Kurrayevlə rastlaşsanız, ona deyin ki, biz, adi kilsə keşişləri, yoxsulluq və şəxsi var-dövlətdən imtina andı içməmişik. O, bu məsələ ilə bağlı xalqı bizə qarşı qızışdırır.

Öz-özümə düşündüm:

– Görəsən, hansı xalq Kurrayevin yazdıqlarını oxuyur? Heç kim oxumur axı! Ay keşiş, xalq sənə baxır. Həm də böyüdücü şüşə ilə baxır. Sən ona Məsihi göstərə bilirsən, yoxsa yox? Əminəm ki, sən bu andın nə demək olduğunu minbərdən ona on dəfə izah etmisən. Amma o, yenə də səni anlamayıb.

Rus insanının kasıb, gücsüz, hay-küysüz, mərhəmətli, başqalarının dərdinə şərik olan, insani simasını qoruyan kilsəyə ehtiyacı var.

İnsanları mühakimə edən yox, onlara mərhəmət göstərən kilsəyə.

Səs-küylü yox, sakit kilsəyə.

Dövlətçilik ambisiyaları ilə yaşayan yox, doğma evin, hətta kəndin bir parçası olan kilsəyə.

Taxt-tacda əyləşərək qüdrət nümayiş etdirən yox, öz xalqı uğrunda əzab çəkməyə, hətta çarmıxa çəkilməyə hazır olan kilsəyə.

O kilsəyə ki, közərən kətan fitili söndürməz, sınmış qamışı qırmaz.

Təsəvvür edin: patriarx minbərə yamaqlı riasada, köhnəlmiş ayaqqabılarla çıxır və koronavirus pandemiyası, ardınca başlayan müharibə səbəbindən xalqın üzləşdiyi ümumi yoxsullaşma ilə bağlı insanlara təsəlli verir.

Təsəvvür edin ki, həmin patriarx sayrışan işıqlı avtomobillərdən, bahalı “Mercedes”lərdən, şəxsi təyyarələrdən, özəl mühafizə xidmətindən imtina edir. Peredelkinodakı iqamətgahını ahıllar evinə, Qara dəniz sahilindəki rezidensiyasını isə aztəminatlı ailələrin uşaqları üçün düşərgəyə çevirir.

Bax, belə bir patriarx və onun simasında təcəssüm edən kilsə insanların qəlbinə yol tapa bilərdi.

Düşünürəm ki, belə bir patriarx insanları heç olmasa hələlik məbədlərə deyil, sadəcə birgə dua etməyə dəvət etsəydi, on minlərlə, bəlkə də yüz minlərlə insan onun çağırışına qoşulardı.

Populizm deyəcəksiniz?

Bilmirəm. Bunu öz doğma kilsəsinə ayaq basmamaqla münasibət bildirən, əhalinin 98,5 faizini təşkil etdiyi iddia olunan həmin insanlara izah edin. Xalq sizə deyəcək ki, Məsih sayrışan işıqlı avtomobillə gəzmirdi, dəbdəbəli iqamətgahlarda yaşamırdı. O, ən sadə və yoxsul insanların arasında, onlar kimi yaşayırdı.

Gənclər isə ümumiyyətlə kilsəyə getmirlər. Söhbət gənclərdən gedir!

Bu gənclərin kilsədən uzaqlaşmasının günahkarı kimdir?

Son on ilin ən böyük rüsvayçılığı da məhz budur.

Kilsə gənclərə göstərə biləcəyi heç bir diqqətəlayiq nümunə ortaya qoya bilmədi. Onlar üçün cəlbedici ola bilmədi.

Sankt-Peterburqda patriarxın ibadət mərasimlərinə gəncləri kilsələrdən xüsusi göstərişlərlə gətirirlər. Statistikaya görə gənclərin iştirakını təmin etmək, patriarxın özünütəsdiqinə xidmət etmək üçün. Yoxsa gəncləri haradan tapasan?

Yalanı və mənasızlığı başqalarından daha tez duyan gənclər kilsədə özləri üçün maraqlı heç nə tapa bilmədilər.

Anlaşılmaz dildə səslənən anlaşılmaz dualar, həyat tərzi ilə təbliğ edilən fikirlər arasında ziddiyyət yaradan moizələr…

Bəs bütün bunların günahkarı kimdir?

Səksən il əvvəl, həbsxanadan qayıtdıqdan sonra ölümünü gözləyən Yaroslavl mitropoliti, müqəddəs şəhid Aqafangel belə yazırdı:

– Xalqımızın başına gələnlərin günahkarı kimdir? Onun belə bir uçuruma yuvarlanmasının səbəbkarı kimdir? Bizim və Tanrının kilsəsinin başına gələnlərə görə kim məsuliyyət daşıyır? Günahkar bizik. Biz və yalnız biz!

Katolik kilsəsi, əlbəttə ki, həmin hadisələrdən sonra çox dəyişdi. Mən deyərdim ki, daha insani oldu. Söhbət adi kənd keşişindən tutmuş Roma Papasına qədər bütün kilsə rəhbərliyindən gedir.

Sonralar da müxtəlif hadisələr baş verdi, hər şey heç də həmişə yaxşı olmadı. Amma bir həqiqəti dəqiq söyləmək olar: 500 il ərzində rəqabətli dini mühitdə yaşamaq onları daim özlərinə kənardan baxmağa məcbur etdi. İnsanlara hansı üzlə – mərhəmətlə, yoxsa təkəbbürlə – üz tutduqlarını düşünməli oldular.

Nəhayət, insanlara üzlərini çevirməyi bacardılar.

P.S. Lazımsız mübahisələrin qarşısını almaq üçün bir məsələni əvvəlcədən qeyd edim:

– Etiraf edirəm ki, kilsənin bütün bədbəxtliklərində ilk növbədə daim hər şeydən narazı olan müstəqil kilsə bloqçuları günahkardır. Onların da birincisi elə mən özüməm!

Müəllif: İlya Zabejinskiy
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*