“Bakıda qurulan əlaqələr Qarabağın gələcəyini dəyişəcək” – Deputatdan “WUF” AÇIQLAMASIbackend

“Bakıda qurulan əlaqələr Qarabağın gələcəyini dəyişəcək” - Deputatdan “WUF" AÇIQLAMASI

“Ümumdünya şəhərsalma forumu çərçivəsində əldə edilə biləcək ən real və praktik nəticə, ilk növbədə, konkret tərəfdaşlıqların və birgə layihələrin formalaşmasıdır. Bu tip platformalar sadəcə fikir mübadiləsi deyil, həm də şəhərsalma sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar, investorlar və texnoloji şirkətlərlə birbaşa əlaqələrin qurulması üçün imkan yaradır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev səsləndirib.

Razi Nurullayev

O qeyd edib ki, Azərbaycan üçün burada əsas prioritet, ağıllı şəhər həlləri, dayanıqlı infrastruktur və yaşıl enerji ilə bağlı pilot layihələrə xarici tərəfdaşların cəlb olunması ola bilər:

“Xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesinə bu əməkdaşlıqların yönləndirilməsi həm maliyyə, həm də texnologiya baxımından ciddi üstünlüklər qazandırmaq imkanına malikdir”.

Deputatın sözlərinə görə, eyni zamanda forumun ən dəyərli nəticələrindən biri yeni şəhərsalma yanaşmalarının mənimsənilməsi və tətbiqidir.

“Müasir dövrdə şəhərlər yalnız tikinti layihələri ilə deyil, insan mərkəzli planlaşdırma, rəqəmsallaşma və ekoloji balans üzərində qurulur. Bu baxımdan Azərbaycan üçün əsas praktik qazanc, beynəlxalq təcrübəni yerli reallıqlara uyğunlaşdıraraq daha çevik, inklüziv və dayanıqlı şəhər modellərinin formalaşdırılmasıdır. Nəticə etibarilə, forumdan sonra ən uğurlu ssenari bu üç istiqamətin – tərəfdaşlıqların, investisiyaların və yeni yanaşmaların bir-birini tamamlayan şəkildə konkret layihələrə çevrilməsi olacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*