Bakıda fəhlənin ölümündə təqsirləndirilən şəxsə bəraət verildibackend

Bakıda fəhlənin ölümündə təqsirləndirilən şəxsə bəraət verildi

Bakıda restoranda fəhlənin ölümündə təqsirləndirilən Teymur Mirzəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. Teymur Mirzəliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 3-ü saat 15 radələrində paytaxtın Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında qeydə alınıb.
Belə ki, rayon sakini Hüseyn Mirzəyev restoranda optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra iş üzrə şirkətlərin birində baş usta vəzifəsində işləyən Teymur Mirzəliyev saxlanılıb, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İttiham aktına əsasən, Teymur Mirzəliyev vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

Belə ki, Teymur Mirzəliyev Hüseyn Mirzəyeva restoranının dam örtüyünün yaxınlığından keçərək oranın fasad hissəsinə sallanan optik kabelin dartılıb bərkidilməsinə yəni, gərginlik altında olan 6 kv-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsinə göstəriş verib. Zərərçəkmiş qeyd olunan işi görərkən baş nahiyyəsinin elektrik cərəyanı xəttinə dəyməsi nəticəsində ölüb.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*