Sülhməramlıların ermənilərə Xankəndi-Qeybalı-Xəlfəli yolu vasitəsi ilə silah daşımağa kömək etdiyini göstərən görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə səbəb olub. Laçın dəhlizində postumuzun qoyulduğunu və ciddi yoxlamalar aparıldığını nəzərə alsaq, bu silahların separatçılara necə çatdırılması bir sıra suallar doğurub. Görünür, alternativ yollar vasitəsi ilə separatçıları silahla təmin etməyə çalışıan sülhməramlılar hələ də öz mənfur niyyətlərindən əl çəkmək istəmirlər. Bəs görəsən, bunun qarşısını necə almalıyıq və hansı addımlar atmalıyıq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, erməni separatçılarının Xankəndi-Qeybalı-Xəlfəli yolu vasitəsi ilə silah-sursat daşımasına dair yayılan videolar olduqca ciddi məsələdir: “Burada söhbət ermənilərin həmin mövqelərdə döyüş postlarının olmasından getmir. Əsas məqam həmin silah-sursatın onlara hardan və necə gəlməsidir. Məsələ burasındadır ki, Laçında postumuz qurulub və oradan silah-sursatın keçirilməsi mümkün deyil. Çəkilən videolardan və yayılan məlumatlardan Laçın postunda çox ciddi iş getdiyini görürük. Orada hətta Avropadan gətirilən xüsusi cihazlar da quraşdırılıb. Yəni buradan keçən bütün maşınlar və insanlar yoxlanılır, müvafiq prosedur qaydalardan sonra Azərbaycan ərazisinə daxil olmağa icazə verilir. Bütün bunlar onu deməyə əsas verir ki, separatçılara silah-sursat Laçından keçməyib. O zaman bu prosesin necə baş verdiyinə dair sual yatranır. Hesab edirəm ki, sözügedən məsələdə separatçılara sülhməramlılar aktiv şəkildə dəstək olur. Yayılan görüntülərdən də prosesin rus sülhməramlılarının müşayiəti ilə icra olunduğu görünür. Çox güman ki, həmin silahlar hava yolu ilə bu ərazilərə gətirilib”.

Politoloqun sözlərinə görə, Xankəndidən rus sülhməramlılarının, eləcə də bəzi erməni təyyarələrinin uçuşuna rəsmi Bakı icazə verir: “Görünür, bu uçuşlardan sui-istifadə hallarına yol verilir. Hesab edirəm ki, sözügedən məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Yəni Laçında atdığımız addımlar hava məkanı ilə bağlı da həyata keçirilməlidir. Bu tip daşımaların qarşısı alınmalıdır, əks halda Laçında qoyulan post quru yolu ilə silah daşınmasının qarşısını alacaq. Əsas problem isə həllini tapmayacaq. Digər tərəfədən, rəsmi Bakı Rusiyaya, eləcə də sülhməramlıların rəhbərliyinə müraciət ünvanlayaraq bu məsələyə dair ölçü götürülməsini tələb etməlidir. Ümumiyyətlə, bu hadisə Azərbaycanın antiterrror əməliyyatlarına başlamasını sürətləndirir. Antiterror əməliyyatlarının başlamasının uzanması isə separatçıların silah tədarükünü genişləndirməsinə və gələcəkdə bu proses baş verən zaman itkilərimizin artmasına gətirib çıxara bilər. Ona görə də, zəruri addımlar atılmalıdır. Əslində görüntülərin bizdə olması ciddi faktdır və bu, onu göstərir ki, Azərbaycan hava məkanına tam olaraq hakimdir. Yəni sözügedən ərazilərə nə daşındığından, harada postlar olduğundan xəbərdarıq. Bütün bunlar rəsmi Bakının əlini gücləndirir. Məhz bu faktlardan istifadə edərək Azərbaycan tərəfi rusiya sülhməramləılarına xəbərdarlıq edə bilər. Əks halda Azərbaycan özü antiterror əməliyyatlarına başlamalıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
