Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarının biletlərinin qiyməti açıqlanıb.
KONKRET.az xəbər verir ki, rəsmi məlumata əsasən, Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.
Bununla yanaşı, vətəndaşları daha çox kupe, SV və digər vaqon növləri üzrə qiymətlər maraqlandırır.
Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC KONKRET.az-ın sorğusunu cavablandırıb.
Qurumdan saytımıza verilən məlumata görə, hazırda həmin tariflərlə bağlı əlavə məlumat yoxdur:
“Biletlərin satışına başlanılan zaman ictimaiyyətə bütün qiymətlərlə bağlı ətraflı məlumat təqdim olunacaq”.
Qeyd edək ki, Bakı–Tbilisi istiqamətində sərnişin daşımalarının bərpası ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Uzun fasilədən sonra qatar reyslərinin yenidən fəaliyyətə başlaması regionlararası səfərləri daha əlçatan edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
