Siyasi şərhçi Teymur Atayev Azərbaycanın xarici siyasət kursunun milli maraqlara əsaslandığını və beynəlxalq arenada strateji balansın uğurlu nümunəsi kimi çıxış etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, caliber.az üçün qələmə aldığı məqalədə yazıb.
Müəllif qeyd edib ki, xarici işlər naziri Ceyhun Bayramovun əvvəlcə Rusiyaya, ardınca isə Ukraynaya etdiyi səfərlər Bakının balanslaşdırılmış xarici siyasətini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycan eyni vaxtda ABŞ və Çin, eləcə də İsrail, Fələstin, ərəb ölkələri və İranla münasibətləri uğurla inkişaf etdirən nadir dövlətlərdən biridir.
Atayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də milli maraqlara söykənir.
Məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına da istinad olunub. Dövlət başçısı həmin çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tam normallaşdığını, siyasi dialoqun, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişaf etdiyini bildirib.
Eyni zamanda müəllif Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstəyini və Azərbaycan xalqının Ukrayna xalqına səmimi münasibətini ifadə edən fikirlərini xatırladıb. O qeyd edib ki, Azərbaycan Ukraynaya enerji və humanitar sahələrdə dəstəyini davam etdirir.
Yazıda Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı İlham Əliyevə göstərilən humanitar yardımlara, o cümlədən enerji sahəsində 11 yardım paketi və müharibədən zərər çəkmiş uşaqlara göstərilən dəstəyə görə təşəkkür etdiyi də qeyd olunub.
Atayev bildirib ki, Ceyhun Bayramovun Moskvada Sergey Lavrovla keçirdiyi görüşdə iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı, siyasi dialoqun davam etdirilməsi və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr planı müzakirə olunub.
Kiyevdə isə Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Azərbaycan tərəfi zərurət yaranacağı təqdirdə Ukraynaya qaz tədarük etməyə hazır olduğunu bəyan edib.
Müəllif əlavə edib ki, Bayramovun Prezident Volodimir Zelenski ilə görüşü və İrpendə həyata keçirilən humanitar layihələr Azərbaycanın Ukraynaya verdiyi dəstəyin davamlı xarakter daşıdığını göstərir.
Sonda Atayev vurğulayıb ki, həm Moskva, həm də Kiyev Azərbaycanın geosiyasi əhəmiyyətini qəbul edir. Onun fikrincə, Bakının uğurlu vasitəçilik təcrübəsi gələcəkdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
