Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar.
KONKRET.az xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunun məlumatına görə, son 10 ildə hər il 280–680 nəfər göbələk zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilərək stasionar müalicə alıb. Bununla belə, zəhərlənmə halları nadir hallarda ölümlə nəticələnir. Almaniyada hər il bu səbəbdən 0–7 ölüm qeydə alınır.
İnstitut bildirir ki, göstəricilər ildən-ilə əhəmiyyətli dərəcədə dəyişir. Göbələyin bol olduğu illərdə zəhərlənmə halları da artır. Mütəxəssislər hesab edirlər ki, real zəhərlənmə sayı daha çoxdur. Çünki bütün zərərçəkənlər xəstəxanalara və ya zəhərlənmə ilə bağlı məsləhət mərkəzlərinə müraciət etmirlər.
Almaniyada təxminən 14 min göbələk növü mövcuddur. Federal Təbiəti Mühafizə İdarəsinin məlumatına görə, onların yalnız 200-ə yaxını yeməli hesab olunur. Təxminən 150 növ zəhərlidir, 10 növ isə ölümcül təhlükə yaradır. Digər göbələklər ya qida üçün yararsız sayılır, ya orqanizm tərəfindən çətin həzm olunur, ya da kifayət qədər öyrənilməyib.
Milli Zəhərlənmə Reyestrinin rəhbəri Yuri Bruynen de Bruyn xəbərdarlıq edib ki, “Almaniyada elə yüksək zəhərli göbələklər var ki, görünüşcə yeməli növlərə o qədər bənzəyirlər ki, onları asanlıqla səhv salmaq mümkündür. Bu, hətta təcrübəli göbələk toplayanlar üçün də təhlükə yarada bilər”.
Azərbaycanda da yeməli göbələklər arasında geniş yayılmış şampinyon və russula növlərini bəzən son dərəcə zəhərli solğun əzvay göbələyi ilə səhv salırlar. Bu göbələyin tərkibindəki toksinlər qaraciyər çatışmazlığına səbəb ola bilər. Buna görə də onun hətta az miqdarda qəbul edilməsi ölümlə nəticələnə bilər.
Göbələklərin təhlükəsiz olduğuna əmin olmaq üçün mikologiya üzrə mütəxəssislərə müraciət etmək tövsiyə olunur.
Rəsmiyyə Şərifova,
KONKRET.az
