Balıq alarkən diqqətli olun: Təzə məhsulu belə müəyyən edinbackend

Balıq alarkən diqqətli olun: Təzə məhsulu belə müəyyən edin

Balıq mövsümünün başlaması ilə həm təzə, həm də dondurulmuş balıqların satışında artım müşahidə olunur. Çay, göl və xüsusi yetişdirmə şəraitində bəslənən balıqlara tələbat yüksəldiyi bir vaxtda məhsulun saxlanma şəraiti və təzəliyi istehlakçıların diqqət etməli olduğu əsas məsələlərdəndir.

Bəs balıq alarkən onun keyfiyyətini necə müəyyən etmək olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, hazırda həm dondurulmuş, həm də təzə balıqların satışına geniş yer verilir:

İrandan gətirilən qida məhsulları təhlükəlidirmi? – Ekspertdən vacib xəbərdarlıq Gündəm24.az

“Ümumiyyətlə, bu günlərdə həm buzlu, həm də təzə balıqların geniş şəkildə satışına başlanılıb. Düzdür, buzlu balıqlar yay fəslində də satılır. Amma artıq həm çay, həm göl, həm də xüsusi yetişdirmə şəraitində yetişdirilən balıqların satışı intensivləşir.

Dondurulmuş balıqlarla bağlı əsas problemlərdən biri soyuq qida zəncirinə əməl olunmamasıdır. Məhsulun bir dəfə donması, daha sonra əriməsi və yenidən müxtəlif soyuducularda dondurulması balığın keyfiyyətinə təsir göstərir. Bu zaman məhsulun içərisində artıq miqdarda buz əmələ gələ bilər.

Bəzi hallarda istehlakçı belə vəziyyətə görə marketi günahlandırır. Lakin məhsulun bu vəziyyətə düşməsində təchizatçı şirkətlərin soyuq zəncirə əməl etməməsi də rol oynaya bilər. Xüsusilə skumbriya kimi dondurulmuş balıqların daşınması və saxlanması zamanı temperatur rejiminə ciddi riayət edilməlidir. Məhsul qutuların içərisində olduğundan market anbarında onun əvvəlki mərhələlərdə hansı şəraitdə saxlanıldığını müəyyən etmək həmişə mümkün olmur.

Ekspert qeyd edib ki, təzə balıqların saxlanma temperaturu da normaya uyğun olmalıdır:

“Küçələrdə, avtomobillərin yük yerlərində satılan balıqlar insanlar üçün risklidir. Balıq riskli qida qrupuna daxildir və onun saxlanma şəraitinə ciddi şəkildə əməl olunmalıdır. Əgər balıq sudan çıxarılıbsa, mütləq soyuducu şərait yaradılmalıdır. Açıq tipli soyuduculardan istifadə edilməklə balığın satışı təşkil oluna bilər. Belə məhsulların alınması zamanı istehlakçı xüsusi diqqətli olmalıdır.

Balığın təzə olub-olmadığını müəyyənləşdirmək üçün bir sıra əlamətlərə baxmaq mümkündür. Ən əsas göstəricilərdən biri balığın gözləridir. Balığın gözləri nə qədər canlı və şişkin görünürsə, onun təzə olma ehtimalı da bir o qədər yüksəkdir. Vaxtı keçmiş balığın qəlsəmələri solğunlaşır. Müəyyən müddətdən sonra balığın ətinə toxunduqda onun sıxlığını itirdiyi hiss olunur. Pulcuqlar da tökülməyə başlayır.

Vaxtı keçmiş balığın gözləri isə çökük vəziyyətə düşür. Gözləri çökən balıq artıq bir neçə gün saxlanılmış məhsul hesab olunur və belə balığın alınması risklidir”.

İ.Şirinov həmçinin bildirib ki, bəzi hallarda satışdan geri qaytarılan balıqların yenidən emal edilərək istehlakçıya təqdim edilməsi riski də mövcuddur:

“Digər məsələ isə satışdan geri qayıdan balıqlardır. Bəzi işbazlar tərəfindən bu məhsullar alınaraq hisə verilir və daha sonra yenidən istehlakçılara satılır. Buna görə də balıq alarkən yalnız onun görünüşünə deyil, satış və saxlanma şəraitinə də diqqət yetirmək lazımdır”.

Beləliklə, istehlakçı balıq alarkən onun gözlərinin görünüşünə, qəlsəmələrinin rənginə, ətinin sıxlığına, pulcuqlarının vəziyyətinə, həmçinin məhsulun harada və hansı temperaturda saxlanıldığına diqqət etməlidir. Küçədə və avtomobillərin yük yerlərində soyuducu şərait olmadan satılan balıqlardan isə uzaq durmaq tövsiyə olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*