Monika Levinskinin cəmi 22 yaşı var idi. O, ABŞ prezidentinin yanında təcrübə keçərkən ölkənin dövlət başçısı Bill Klintonla intim münasibətə başlamışdı. Klintonun isə 49 yaşı var idi və o, Monikanın birbaşa rəhbəri sayılırdı. Gənc qadın Ağ Evdə ödənişsiz təcrübə proqramında iştirak edirdi.
Onların Oval kabinetdə doqquz dəfə görüşdüyü bildirilir. Lakin bu münasibətin sonu heç də hər iki tərəf üçün eyni olmadı. Monikanın iş yoldaşı olan Linda Tripp onların telefon danışıqlarını gizli şəkildə lentə aldı. Təxminən 20 saatlıq səs yazıları sonradan xüsusi prokurora təqdim edildi. Nəticədə prezident siyasi və hüquqi böhranla üzləşsə də, həyatının və karyerasının ağır zərbəsini gənc Monika aldı.
Monika 1995-ci ilin iyulunda Ağ Evdə təcrübəyə başlamışdı. Dörd ay sonra, noyabrda Bill Klintonla ilk dəfə təkbətək görüşdü. Onların son görüşü 1997-ci ilin yazında baş tutdu. Həmin vaxt Monika artıq Pentaqonda başqa vəzifəyə keçirilmişdi.
Məhz Pentaqonda o, Linda Tripp ilə tanış oldu. Monika şəxsi münasibətlərinin təfərrüatlarını ona danışdı. Ədəbiyyat agenti Lusil Qoldberqin məsləhəti ilə Tripp bu söhbətləri gizli şəkildə lentə almağa başladı. O, Merilend ştatında yaşayırdı və həmin ştatın qanunlarına əsasən, qarşı tərəfin razılığı olmadan belə səs yazıları aparmaq qanunsuz idi.
Bundan başqa, Tripp Monikaya prezidentlə münasibəti zamanı üzərində sperma ləkəsi qaldığı iddia edilən mavi paltarı quru təmizləməyə verməməyi məsləhət gördü. Sonradan həmin paltar qalmaqalın ən mühüm sübutlarından birinə çevrildi.
12 saatlıq dindirmə və prezidentin inkarı
1998-ci il yanvarın 16-da Linda Tripp Monikanı Pentagon City ticarət mərkəzində yerləşən restorana nahara dəvət etdi. Monika eskalatorla aşağı düşərkən onu iki FTB əməkdaşı qarşıladı. Onlar gənc qadını yaxınlıqdakı Ritz-Carlton otelinin 1012 nömrəli otağına apardılar.
Burada xüsusi prokurorun nümayəndələri təxminən 12 saat ərzində onu sorğu-sual etdilər. Monikaya 27 ilədək həbs cəzası ilə üzləşə biləcəyi bildirildi. Həmin vaxt onun cəmi 24 yaşı var idi.
Cəmi 10 gün sonra, yanvarın 26-da Bill Klinton bütün ölkənin izlədiyi televiziya çıxışında məşhur ifadəsini səsləndirdi: “Mənim bu qadınla, miss Levinski ilə cinsi münasibətim olmayıb”.
Sonradan Monika toxunulmazlıq müqabilində istintaqa əməkdaşlıq etməyə razılaşdı və mavi paltarı xüsusi prokuror Ken Starrın ixtiyarına verdi.
1998-ci ilin avqustunda FTB Klintondan DNT analizi üçün qan nümunəsi götürdü. Nəticələr mavi paltardakı bioloji izlərlə uyğun gəldi. Prezident münasibətlərin olduğunu etiraf etməyə məcbur qaldı.
Həmin ilin dekabrında Nümayəndələr Palatası Bill Klintona qarşı impiçment prosedurunu başlatdı. Lakin Senat onu təqsirli hesab etmək üçün kifayət qədər səs toplamadı və Klinton prezident vəzifəsində qaldı.
Prezidentə bir neçə saniyəlik tənqid, Monikaya isə ömürlük damğa
Monikanın sözlərinə görə, ictimaiyyətin ona qarşı ilkin mərhələdə göstərdiyi mərhəmət cəmi beş saniyə çəkdi. Ardınca təhqirlər, ittihamlar və alçaldıcı ifadələr başladı. Onu “təqibçi”, “əxlaqsız qadın”, “psixoloji problemləri olan” və “ağılsız” adlandırırdılar.
1999-cu ildə Monikanın Barbara Uoltersə verdiyi müsahibəni təxminən 70 milyon amerikalı izlədi. O, müsahibənin beynəlxalq yayım hüquqlarından bir milyon dollar, yazdığı kitabdan isə təxminən 500 min dollar qazandı.
Daha sonra arıqlama məhsulları şirkəti Jenny Craig onunla bir milyon dollarlıq müqavilə bağladı. Şərtə görə, Monika 40 funt (təxminən 18 kiloqram) arıqlamalı idi. Lakin müqavilə üzrə ona yalnız 300 min dollar ödənildi.
Klintonun peşmanlığı, Monikanın itirilmiş həyatı
2018-ci ildə NBC telekanalının jurnalisti Klintondan Monikadan üzr istəməli olub-olmadığını soruşdu. Prezidentin cavabı qısa idi: “Xeyr, ona borclu olduğum üzr yoxdur”.
2020-ci ildə isə o, bu münasibətlərə görə “çox utandığını” bildirdi və baş verənlərin Monikanın həyat yolunu müəyyənləşdirdiyini etiraf etdi.
2021-ci ildə Monika Levinski özünün də iştirak etdiyi, həmin qalmaqaldan bəhs edən “İmpiçment: Amerika cinayət hekayəsi” adlı televiziya layihəsinin icraçı prodüserlərindən biri oldu.
2025-ci ildə isə o, Klintonun gənc qadının həyatını və gələcəyini qurban vermək əvəzinə prezidentlikdən istefa verməli olduğunu söylədi.
Monikanın sözləri ilə desək: “Mən gələcəyimi itirdim”.
O, acı istehza ilə əlavə edirdi ki, yəqin, heç kim Bill Klintondan nə vaxtsa adını dəyişməyi düşünüb-düşünmədiyini soruşmayıb.
Nəticədə mənzərə belə oldu: Bill Klinton impiçment prosedurundan keçdi, lakin prezident postunu qorudu. Monika Levinski isə illərlə ictimai qınağın, təhqirlərin və damğalanmanın hədəfinə çevrildi. Onun adı uzun müddət bir siyasi qalmaqalla eyniləşdirildi.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
