Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi hesablamalarına görə, oktyabrın 16-dək İranla müharibə Amerika büdcəsinə artıq 47,1 milyard dollara başa gəlib. Üstəlik, bu məbləğə zərbələr nəticəsində zədələnmiş hərbi bazaların və infrastrukturun tam bərpası xərcləri daxil deyil.
Müasir müharibələrin əsl qiyməti də məhz burada üzə çıxır: döyüşlər dayansa belə, onların maliyyə nəticələri uzun müddət dövlət büdcəsinin üzərində yük olaraq qalır.
PULLAR HARA XƏRCLƏNİB?
Pentaqonun Konqresə təqdim etdiyi hesablamalarda xərclər bir neçə əsas istiqamət üzrə bölüşdürülüb:
▪️29 milyard dollar – istifadə edilmiş raketlərin, bombaların və digər döyüş sursatlarının ehtiyatlarının bərpasına;
▪️11,9 milyard dollar – hərbi əməliyyatların aparılması, şəxsi heyətin saxlanılması və maddi-texniki təminata;
▪️Təxminən 6 milyard dollar – itirilmiş hərbi texnikanın əvəzlənməsinə.
Bu rəqəmlər müasir müharibənin nə qədər baha başa gəldiyini aydın göstərir. Milyonlarla dollar dəyərində olan raket bir neçə saniyə ərzində hədəfə yönəlir və məhv olur. Lakin onun əvəzinin ödənilməsi, yeni silahların alınması və ehtiyatların bərpası illərlə davam edən maliyyə öhdəliyinə çevrilir. Üstəlik, bu, hələ yekun hesab deyil.
Konqresin Büdcə İdarəsinin (CBO) qiymətləndirməsinə əsasən, münaqişənin davam etməsi döyüş əməliyyatlarının intensivliyindən asılı olaraq ABŞ-a hər ay əlavə 2-3 milyard dollara başa gələ bilər.
Başqa sözlə, genişmiqyaslı müharibə nisbətən aşağı intensivlikli hərbi qarşıdurmaya çevrilsə belə, xərclər avtomatik olaraq azalmır.
HÖRMÜZ BOĞAZI: STRATEJİ ÜSTÜNLÜYÜN BAHALI QİYMƏTİ
ABŞ Hərbi Dəniz Qüvvələri regionda genişmiqyaslı hərbi mövcudluğunu davam etdirir. Aviadaşıyıcılar, esminetslər, döyüş təyyarələri, yanacaq, silah-sursat və logistika təminatı böyük maliyyə vəsaiti tələb edir.
İranın neft ixracına qarşı tətbiq edilən məhdudiyyətlər və dəniz blokadası Tehrana ciddi iqtisadi təzyiq göstərmək məqsədi daşıyır.
Lakin bu strategiyanın özünün də ciddi maliyyə yükü var. Başqa ölkənin neft gəlirlərini məhdudlaşdırmaq üçün ABŞ sutka ərzində öz hərbi donanmasının və digər qüvvələrinin saxlanılmasına milyardlarla dollar xərcləməli olur.
Nəticədə İran iqtisadi itkilərlə, ABŞ isə artan hərbi xərclərlə üzləşir. Münaqişənin maliyyə sayğacı isə hər iki tərəfdə işləməyə davam edir.
PENTAQONUN HESABINA DAXİL OLMAYAN ZƏRƏRLƏR
47,1 milyard dollar müharibənin tam dəyəri deyil. Ən ciddi problemlərdən biri də İranın cavab zərbələri nəticəsində regiondakı Amerika hərbi infrastrukturuna dəymiş ziyandır.
Məlumatlara görə, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Oman və İordaniyada yerləşən ABŞ hərbi obyektlərində çoxsaylı qurğular zədələnib və ya dağılıb.
Bu obyektlərin bərpası, sıradan çıxmış avadanlıqların dəyişdirilməsi və təhlükəsizlik sistemlərinin yenilənməsi əlavə vəsait tələb edəcək.
Lakin bütün bu işlərin yekun dəyəri hələlik məlum deyil.
Beləliklə, indiki rəqəmlər müharibənin yalnız görünən maliyyə tərəfini əks etdirir. Qarşıda isə hələ hesablanmamış bərpa xərcləri dayanır.
MÜHARİBƏNİN AĞIRLIĞINI AMERİKALILAR DA HİSS EDİR
Müharibənin təsirləri yalnız Pentaqonun büdcəsi və hərbi xərclərlə məhdudlaşmır. Enerji bazarlarında yaranan qeyri-sabitlik ABŞ-da adi vətəndaşların gündəlik həyatına da təsir göstərir.
Neft və neft məhsullarının bahalaşması, enerji təchizatındakı risklər və qarşıdan gələn qış mövsümü ailələrin xərclərini artırır.
Milli Enerji Yardımı Proqramları Direktorları Assosiasiyasının (NEADA) proqnozlarına görə:
▪️ 1002 dollar – bu qış bir Amerika ailəsinin istilik xərcləri üçün gözlənilən orta məbləğ. Bu, əvvəlki dövrlə müqayisədə 7,1 faiz artım deməkdir.
▪️ 1215 dollar – evini elektrik enerjisi ilə qızdıran ailələr üçün proqnozlaşdırılan xərc.
▪️ 2977 dollar – mənzilini maye yanacaqla isidən ailələrin gözlənilən xərci. Bu kateqoriyada artımın 70,2 faizə çatacağı bildirilir.
Mənzərə kifayət qədər ziddiyyətlidir: Pentaqon raketlərin və hərbi texnikanın dəyərini hesablayır, Konqres yeni milyardların ayrılmasını müzakirə edir, adi amerikalı isə qışda evini isitmək üçün nə qədər pul ödəyəcəyini düşünür.
Bir tərəfdə qlobal hərbi strategiya, digər tərəfdə isə ailə büdcəsi dayanır.
TRAMPIN QARŞISINDAKI ƏSAS SUAL
Vaşinqton hərbi əməliyyatların İranın hərbi imkanlarını ciddi şəkildə zəiflətdiyini bildirir. ABŞ-ın sanksiyaları və dəniz blokadası da Tehrana iqtisadi təzyiq göstərməkdə davam edir.
Lakin bütün bunlara baxmayaraq, münaqişənin siyasi baxımdan yekunlaşdığına dair aydın mənzərə yoxdur.
Noyabrın 14-də Reuters agentliyinin yaydığı məlumata görə, Donald Tramp Tehran tərəfindən yeni təxribatlar baş verməyəcəyi təqdirdə İrana qarşı növbəti zərbələrdən çəkinmək imkanını nəzərdən keçirir. Bununla belə, ABŞ hərbi qüvvələri mümkün sonrakı əməliyyatlara hazır vəziyyətdə saxlanılır.
Bütün bunlar bir mühüm sualı gündəmə gətirir: ABŞ-ın İranla hərbi qarşıdurması Vaşinqtona nə qədər baha başa gələcək və Amerika vergi ödəyiciləri xərclənən milyardların müqabilində hansı real nəticəni əldə edəcəklər?
ABŞ-ın hərbi gücü şübhə doğurmaya bilər. Ancaq hərbi gücün mövcudluğu ilə onun tətbiqinin iqtisadi səmərəliliyi tamam başqa məsələlərdir.
Çünki hərbi qələbəni elan etmək bir neçə dəqiqə çəkə bilər. Müharibənin maliyyə hesabını ödəmək isə bəzən illərlə, hətta onilliklərlə davam edir.
Ağagül Mürsəlov,
KONKRET.az
