Banklarda 100 000 manatdan artıq əmanəti olan vətəndaşların nəzərinə: Bu halda qaytarılmır!backend

Banklarda 100 000 manatdan artıq əmanəti olan vətəndaşların nəzərinə: Bu halda qaytarılmır!

“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin başa çatması bir daha ləğv olunan banklarda əmanətləri qalan şəxslərin pullarını necə alacağı mövzusunu gündəmə gətirib. Mövcud qanunvericiliyə görə, Azərbaycanda fiziki şəxslərin 100 min manata qədər olan əmanətləri dövlət tərəfindən (Əmanətlərin Sığortalanması Fondu vasitəsilə) 100% həcmində sığortalanır.

Bəs daha artıq əmanətləri olanların aqibətini nə gözləyir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bank ləğv etməyə gedirsə, bu zaman requlyator qurum tərəfindən ləğvedici müəyyən edilir.

Onun sözlərinə görə, ləğvedicinin tərkibində təbii ki, Əmanətlərin Sığortalanması Fondunun idarəçiliyi ilə bir sıra tərəflərin təmsilçiliyi mümkündür: “Eyni zamanda kreditorların burada iştirakı məsələsi vardır. 100 min manata kimi hissə dövlət tərəfindən sığortalandığı üçün ləğv etmə qərarından sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıqlanmış tarixdən etibarən ödənilir. Digər hissəyə münasibətdə isə vəziyyət bankın bağlanma halında olduğu maliyyə göstəricilərindən və eyni zamanda təbii ki, sonrakı prosesin idarə edilməsindən asılıdır. Kifayət qədər uzun müddətli prosesdir və bu halda təcrübə onu göstərir ki, əhəmiyyətli səviyyədə həmin vəsaitlər geri qaytarılmır. İlk növbədə bankın bütün aktivləri likvidasiya olunur. Belə aktivlər öhdəliklərin yerinə yetirilməsi səviyyəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş prioritetlər var. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qoyulmuş vəsaitlərin geri qaytarılması, fiskal və vergi öhdəliklərinin yerinə yetirilməsi və s. Bundan sonra əgər öhdəliklər tam yerinə yetirildikdən sonra bankın hər hansı bir qalıq vəsaiti formalaşırsa, bu zaman həmin qalıq vəsait prioritet əsaslarla bölünməklə vətəndaşlara geri qaytarılır”.

İqtisadçı qeyd edib ki, bankların bağlanması prosesi kifayət qədər uzunmüddətlidir: “Onun aktivləri bir çox hallarda daha uzun müddətdə likvidizasiya oluna bildiyi üçün həmin sığortalanmayan əmanətlərin geri qaytarılması prosesi çox mürəkkəbdir. Əgər proses çərçivəsində hər hansısa hüquq pozmaları və s. kimi hallar olursa, bu zaman təbii ki, mülki qanunvericiliyə uyğun olaraq vətəndaşlar məhkəməyə müraciət edərək öz hüquqlarını tələb edə bilər.Yəni başqa digər şəxslərə münasibətdə sığortalanmayan əmanətlərin geri qaytarılması olubsa, həmin vətəndaşın isə olmayıbsa, əmanətləri tanınmırsa, məhkəməyə müraciət etməklə bu problemi həll edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*