İqtisadiyyat naziri məhkəməyə verildi – SƏBƏBbackend

İqtisadiyyat naziri məhkəməyə verildi – SƏBƏB

Sol partiya Almaniyanın iqtisadiyyat naziri Katarina Rayxeyə qarşı məhkəməyə müraciət edib. Buna səbəb Berlin şəhərində keçirilən seçkilərdə Sol Partiyanın qələbəsindən sonra Almaniyanın İqtisadiyyat Nazirliyinin “Instagram” hesabında yayımlanan video olub.

KONKRET.az xəbər verir ki, videoda nazir, Xristian Demokrat İttifaqının (XDİ) üzvü Katarina Rayxe Sol Partiyanın proqramına daxil etdiyi iri mənzil şirkətlərinin əmlakının müsadirə olunması ilə bağlı müddəanın Almaniyanın paytaxtı və bütövlükdə ölkə üçün investisiya və biznes məkanı kimi təhlükəli olduğunu bildirib.

Nazir həmçinin partiyanın “antisemitizmi açıq şəkildə nümayiş etdirdiyini və bunun şəhərdə yaşayan yəhudiləri qorxutduğunu” deyib.

Sol Partiya Rayxedən videonu sentyabrın 29-dək silməyi tələb edib. Lakin video hələ də silinməyib. Bundan sonra partiya Karlsrue şəhərində yerləşən Almaniya Federal Konstitusiya Məhkəməsinə müraciət edərək, nazirin dövlət qurumlarının neytrallıq prinsipini pozduğunu bildirib.

Sol Partiyanın fikrincə, Rayxenin “birtərəfli və qərəzli” açıqlaması XDİ-nin Sol Partiyaya qarşı həyata keçirdiyi iddia olunan “sistemli kampaniyanın” bir hissəsinə çevrilib.

Bundan əlavə, Sol Partiya XDİ-nin nəzarətində olan bir sıra federal torpaqların daxili işlər nazirliklərini də məhkəməyə verib. Söhbət Baden-Vürtemberq, Brandenburq, Hessen, Saksoniya və Şlezviq-Holşteyn torpaqlarından gedir.

Sol Partiya həmin nazirliklərin rəsmi kanallarında da oxşar məzmunlu paylaşımların yayımlandığını iddia edir. Saksoniya və Şlezviq-Holşteyn nazirlikləri sözügedən açıqlamaları artıq silib. Digər üç federal torpağın müvafiq qurumları isə paylaşımları hələ də silməyib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*