Bankların ipoteka kreditləri ilə bağlı təklifləri sərfəlidirmi? –  AÇIQLAMAbackend

Bankların ipoteka kreditləri ilə bağlı təklifləri sərfəlidirmi? - AÇIQLAMA 

Son dövrlərdə Azərbaycanda mənzillərin qiymətində kəskin artım var. Yeni mənzillərlə yanaşı köhnə tikililərin qiyməti günü-gündən artır. Belə olan təqdirdə əhalinin ev almaq şansı tamamilə azalıb. Belə olan təqdirdə insanlar ipoteka kreditlərinə üz tutmalı olur.

Belə ki, kommersiya banklarının öz daxili resursları hesabına daxili ipoteka kreditləri ilə bağlı təkliflərinin artması müşahidə olunur.

Bəs bankların ipoteka siyasəti ilə dövlətin ipoteka siyasəti üst-üstə düşürmü? Bu sahədə ümumi vəziyyət necədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. O bildirib ki, kommersiya bankları istədiyi faizi təyin etməkdə sərbəstdir. Dövlət bu məsələyə müdaxilə edə bilməz:

“Dövlətin ipoteka siyasəti ilə bankların ipoteka siyasəti üstü-üstə düşməyə bilər. Banklar özəl qurumdur və öz maliyyə siyasəti var. Hər şey bazar qaydalarına uyğun olmalı və tələb-təklif əsasında tənzimlənməlidir. Dövlət banklardan ucuz və ya baha faizlə ipoteka verməsini tələb edə bilməz. Dövlət yalnız hansısa bankları operator seçib onlara müəyyən vəsait ödəyərək belə bir tələb qoya bilər. Çünki həmin vəsaitin sahibi dövlətdir. Bank isə sadəcə vəsaiti icra edən tərəf olur. Yalnız bu halda müdaxilə edilə bilər. Azad bazar iqtisadiyyatının olduğu bir şəraitdə dövlətin banklara hansısa əmr və ya diqtə etməsi səlahiyəti yoxdur. Azərbaycanda dövlət bankları var. Həmin banklarda dövlət öz daxili qaydalarını qoya bilər”.

İqtisadçının fikrincə, mənzilə olan tələbat getdikcə artır:

“Bankların ipoteka ilə mənzil almaq təklifini dəyərləndirənlər var. Çünki mənzilə olan tələbat çoxdur. Orta gəlirlilik səviyyəsi çox aşağı olduğuna görə, vətəndaşlar öz qazanclarını toplayıb mənzil sahibi ola bilmir. Ona görə də vətəndaşlar məcbur qalıb banklardan ipoteka kreditləri götürür. Əhali artdıqca ipoteka kreditlərinə müraciət edənlərin də sayı artır. Gənc ailələr sərfəli olmasa belə ipoteka kreditinə müraciət edir. Azərbaycanda ən sərfəli ipoteka krediti sosial ipotekadır. Lakin bu imkandan yararlanmaq çox çətindir. Şərtlər və tələblər çox ağırdır. Həmçinin sosial ipotekaya müraciət edənlərin sayı da çoxdur. İl ərzində yüzə yaxın insan bu şansdan yararlana bilir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*