Bazarda bu meyvə və tərəvəzlər bahalaşacaq – XƏBƏRDARLIQbackend

Bazarda bu meyvə və tərəvəzlər bahalaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanda son aylarda müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sektoruna ciddi təsir göstərir. Leysan yağışlar, sel, quraqlıq və anomal istilər məhsuldarlığın azalmasına, tədarük zəncirində problemlərə və nəticə etibarilə bazarda qiymət artımına səbəb olur. Xüsusilə, mövsümi tərəvəz və meyvələrin bahalaşması artıq bazarlarda hiss edilməyə başlayıb.

Bəs iqlim dəyişiklikləri ərzaq təhlükəsizliyi və qiymətlərə necə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda iqlim dəyişikliyi aqrar sektora ciddi zərbə vurur:

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

“Xüsusilə, su qıtlığı və quraqlığın artması kənd təsərrüfatında tədarük göstəricilərinin azalmasına səbəb olub. Məhsuldarlığın aşağı düşməsi və torpaqların deqradasiyası fermerlərin xərclərini artırır. Su ehtiyatlarının azalması, yarı quraq iqlim şəraiti və çaylarda suyun səviyyəsinin aşağı düşməsi suvarma problemlərini daha da dərinləşdirir. Yay aylarında müşahidə olunan anomal istilər xüsusilə aran rayonlarında buğda, pambıq və tərəvəz məhsullarının məhsuldarlığına ciddi mənfi təsir edir. Torpaqların keyfiyyəti ildən-ilə azalır. Azərbaycanda torpaqların cəmi 58 faizi əkinə yararlıdır ki, bu da aşağı göstərici hesab olunur”.

Ekspert qeyd edib ki, son illərdə sel və leysan xarakterli yağıntıların artması da aqrar sahədə vəziyyəti çətinləşdirib:

“Qeyri-adi yağıntılar və daşqınlar əkin sahələrinə ciddi zərər vurur. Drenaj sistemlərinin zəifliyi nəticəsində məhsuldarlıq azalır. Eyni zamanda, yağıntıların çox olması bitki xəstəliklərinin yayılmasını sürətləndirir ki, bu da fermerlərin əlavə xərc çəkməsinə səbəb olur. Aprel və may aylarında yağıntıların çox olması kartof, soğan, xiyar, pomidor kimi mövsümi məhsulların tədarükünü azaldır. Torpaqda çürümə prosesi sürətlənir. Nəticədə bazarda tələb yüksək, təklif isə aşağı olur və bahalaşma qaçılmaz hala gəlir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan fermerlərinin xarici bazarlara üstünlük verməsi də daxili bazarda məhsul qıtlığı yaradır:

“Fermerlər mövsüm dövründə məhsulları daha çox xaricə satmağa çalışırlar. Bu isə daxili bazarda qıtlığa və qiymət artımına səbəb olur. Ötən illərlə müqayisədə bu il mövsümi tərəvəz məhsullarının qiyməti təxminən 12-14 faiz artıb. Hazırda bazarda xiyar, pomidor, kartof, soğan, çiyələk və alça kimi məhsulların əvvəlki illərlə müqayisədə daha baha satıldığını müşahidə edirik. Hətta aprel ayının ilk günləri ilə müqayisədə may ayının əvvəlində də qiymətlərdə ciddi artım qeydə alınıb. Bunun əsas səbəbi yağıntıların çox olması, tədarükün çətinləşməsi və məhsulların zərər görməsidir”.

Razi Abbasbəyli sonda bildirib ki, iqlim dəyişiklikləri Azərbaycanın aqrar sektorunun inkişafına ciddi mənfi təsir göstərir:

“Dünya Bankının hesablamalarına görə, 2020-2025-ci illərdə iqlim dəyişiklikləri Azərbaycanın aqrar sektorunun inkişaf tempini təxminən 30 faiz zəiflədib”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*