Belarus Ukraynaya hücum edəcək? – SENSASİON DETALLARbackend

Belarus Ukraynaya hücum edəcək? - SENSASİON DETALLAR

Belarusun Ukraynaya mümkün hərbi müdaxiləsi ilə bağlı ehtimallar yenidən gündəmə gəlib. Xüsusilə, sərhəd bölgələrində hərbi fəallığın artması və tərəflərin qarşılıqlı ittihamları regionda yeni gərginlik ocağının yarana biləcəyi barədə narahatlıqları artırır. Bununla yanaşı, Minsk rəhbərliyinin son dövrlərdə daha çox sülh mesajları verməsi vəziyyətin birmənalı olmadığını göstərir.

Belə olan halda, Belarusun Ukrayna müharibəsinə birbaşa qoşulması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Belarusun Ukraynaya hərbi müdaxilə ehtimalı müəyyən dövrdən etibarən gündəmə gəlib.

İranın etirazları əsassızdır”- Elçin Xalidbəyli - Editor.az

“Rəsmi Kiyev Belarusla sərhəd ərazilərdə hərbi aktivliyin artdığını, yeni texnikaların və artilleriya qurğularının yerləşdirildiyini qeyd edib. Bu amillər nəzəri baxımdan mümkün müdaxilə ehtimalını artırsa da, hazırda Minsk hakimiyyətinin real niyyətləri fərqli istiqamətdə görünür.
Belarus prezidenti Aleksandr Lukaşenka son çıxışlarında ABŞ-ın sülh prosesinə qoşulmasının mümkünlüyünü qeyd edib və genişmiqyaslı razılaşmanın vacibliyini vurğulayıb. Bu isə onu göstərir ki, rəsmi Minsk daha çox Qərblə münasibətləri normallaşdırmağa və yeni siyasi manevr imkanları əldə etməyə çalışır.”

Ekspertin fikrincə, Belarusun Ukrayna müharibəsinə birbaşa qoşulması üçün əsas motivasiya hələlik müşahidə olunmur. Bununla belə, ölkənin Rusiyadan ciddi asılılığı bu məsələdə əsas risk faktoru olaraq qalır:

“Belarus faktiki olaraq Rusiyadan asılı dövlətdir və Lukaşenka hakimiyyətinin davamlılığı da müəyyən mənada Kremlin mövqeyindən asılıdır. Bu səbəbdən Moskva Ukraynaya qarşı ikinci cəbhənin açılmasında maraqlı olarsa, müxtəlif təzyiq vasitələri ilə Minski bu addıma məcbur etməyə cəhd göstərə bilər.”

Elçin Xalidbəyli hesab edir ki, mövcud şəraitdə Belarus rəhbərliyi mümkün qədər müharibədən kənarda qalmağa çalışır:

“Hazırda Lukaşenka hakimiyyəti daha çox sülh ritorikasına üstünlük verir və birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışır. Ona görə də məcbur edilmədiyi halda Belarusun Ukrayna savaşına qoşulması inandırıcı görünmür.”

Beləliklə, ekspertin ümumi qənaətinə görə, Belarusun Ukraynaya hərbi müdaxilə riski tamamilə istisna edilməsə də, bu ehtimal daha çox xarici təsirlərdən, xüsusilə Rusiyanın mümkün təzyiqlərindən asılı olaraq dəyişə bilər. Hazırkı mərhələdə isə Minsk daha çox balanslı siyasət yürütməyə və müharibədən kənarda qalmağa üstünlük verir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*