Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. Deputatın “Şah İsmayıl” ordeninin ləğv edilməsini təklif etməsi cəmiyyətdə ciddi narazılıq doğurub.
Məsələ ondadır ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətçilik tarixinin ən mühüm simalarından biridir. Onun adının dövlət ordeninə verilməsi də təsadüfi deyil. Bu baxımdan, məhz parlamentin Mədəniyyət komitəsinin sədrinin belə bir ordenin ləğvini təklif etməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı Fazil Mustafanın mövqeyini kəskin tənqid edib. O bildirib ki, tarixi şəxsiyyətlər haqqında hökm vermək üçün ciddi elmi hazırlıq və faktoloji baza tələb olunur.

“Bu insan sakitləşmir. Tarixi şəxsiyyətlərlə bağlı danışmaq üçün tarixi baza olmalıdır. Bu gün qarşısına çıxan hər kəs tarix haqqında fikir səsləndirir. Bu, yanlışdır. Tarixçilər arasında diskussiya gedə bilər. Amma Fazil Mustafa tarixçi deyil”.
Akif Nağı deputatın müxtəlif sahələr üzrə iddialı fikirlər səsləndirməsini də doğru hesab etmədiyini bildirib:
“Fazil Mustafa hüquq fakültəsini bitirib, sonra fəlsəfə üzrə namizədlik dissertasiyası müdafiə edib. Sonradan din, ilahiyyat və tarix haqqında yazmağa başlayıb. Yazdıqları emosiyalara söykənir, əlində fakt yoxdur”.
Partiya sədri Fazil Mustafanın parlamentin Mədəniyyət komitəsinə rəhbərlik etməsini də qəbuledilməz saydığını vurğulayıb:
“Belə bir insanın Mədəniyyət komitəsinə sədr seçilməsi gülüncdür. Anlamadığı, bilmədiyi sahələr üzrə iddialar irəli sürür. Dinin daxilində də qarşıdurma yaratmağa çalışır”.
Akif Nağının sözlərinə görə, Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər İran daxilindəki müəyyən şovinist dairələrin yanaşması ilə üst-üstə düşür.
“Şah İsmayılla bağlı söylədiyi fikirlər fars şovinistlərinin fikirləri ilə üst-üstə düşür. Fars şovinistləri də deyirlər ki, Şah İsmayıl fars olub, İran dövlətini yaradıb. Bu baxımdan, ‘Şah İsmayıl’ ordeninin ləğv edilməsini əsaslandırmaq fars şovinizminə işləyir”.
Partiya sədri hesab edir ki, məsələ dövlət səviyyəsində də qiymətləndirilməlidir.
“Dövlət qurumları Milli Məclis rəhbərliyinin fəaliyyəti ilə bağlı araşdırma aparmalı və qiymət verməlidir. Belə bir insan Azərbaycan Milli Məclisinin üzvü adını daşımağa layiq deyil”.
Qeyd edək ki, Şah İsmayıl Xətai ilə bağlı müzakirələr uzun illərdir elmi və ictimai dairələrdə davam edir. Lakin bu dəfə polemikanın əsas səbəbi tarixi şəxsiyyətə münasibətdən daha çox, onun adını daşıyan dövlət ordeninin ləğv edilməsinin təklif olunmasıdır.
İctimaiyyət isə haqlı olaraq sual edir: Azərbaycanın tarixi və mədəni irsinin qorunmasına cavabdeh parlament komitəsinin rəhbəri belə bir təklifi hansı tarixi, hüquqi və dövlətçilik arqumentlərinə əsaslanaraq irəli sürür?
Natiq Səlim,
KONKRET.az
