“Besame muço”nun müəllifi 16 yaşında bu mahnını necə yazdı? – Anası onun ruhani olmasını istəyirdibackend

“Besame muço”nun müəllifi 16 yaşında bu mahnını necə yazdı? - Anası onun ruhani olmasını istəyirdi

XX əsrin ən məşhur mahnılarından biri olan “Besame muço”nun müəllifi Konsuelo Velaskes bu əsəri yazanda cəmi 16 yaşında idi. Daha maraqlısı isə odur ki, gələcək bəstəkar həmin dövrdə ciddi qaydaları ilə seçilən katolik məktəbində təhsil alırdı və sevgi haqqında yazdığı mahnının öz şəxsi təcrübəsi olmadığını sonralar etiraf etmişdi.

Konsuelo Velaskes 1916-cı il avqustun 21-də Meksikada anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Konsuelo hələ 4 yaşında ikən piano ilə məşğul olmağa başlayıb.

Atası erkən vəfat etdiyindən anası beş uşağını tək böyütməli olub. Ailə Konsuelonu katolik məktəbinə göndərib. Anasının arzusu qızının gələcəkdə rahibə olması idi. Lakin məktəbdə uzun saatlar davam edən dualar və sərt rejim Konsuelonun səhhətinə təsir göstərib. O, tez-tez başgicəllənmədən əziyyət çəkib və huşunu itirib. Nəticədə ailəsi onu məktəbdən çıxarmaq məcburiyyətində qalıb.

Konsuelonun musiqi istedadı isə daha əvvəl üzə çıxmışdı. Uşaqlıq illərində keçirilən tədbirlərdən birində onu fortepianoda ifa edərkən görən peşəkar pianoçu qızın istedadına heyran olub. O, Konsuelonun musiqi təhsilinin bütün xərclərini ödəməyi təklif edib.

Beləliklə, gələcək bəstəkar konservatoriyada təhsil almağa başlayıb. Burada o, peşəkar musiqiçi olmaq üçün ciddi əmək tələb olunduğunu anlayıb. Hər gün 6-7 saat piano məşqi onun həyatının ayrılmaz hissəsinə çevrilib.

Məhz həmin illərdə Konsuelo “Besame muço”nu yazıb.

Mahnının adı ispan dilində “Məni çox öp” deməkdir. Lakin sonralar Velaskes etiraf edib ki, həmin əsər konkret bir insana həsr olunmayıb. O zamanadək heç kimi öpmədiyini və mahnının sadəcə romantik sevgi haqqında təsəvvürlərindən yarandığını bildirib.

Gənc bəstəkar mahnını radioya göndərəndə öz adını açıqlamağa tərəddüd edib. O, konservativ ailədə böyümüşdü və belə romantik mətnin müəllifi olduğunu bilsələr, insanların onun haqqında yanlış təsəvvür yarada biləcəyindən ehtiyat edirdi. Lakin mahnı efirdə səslənəndən sonra hər şey dəyişdi.

Anasının eşitmək istəmədiyi məşhurluq

Konsuelonun anası qızının “ədəbsiz” hesab etdiyi bir mahnının müəllifi olduğunu öyrənəndə buna inanmaq istəməyib. Dindar qadın qızının gələcəkdə rahibə olmasını arzulayırdı və onun belə bir mahnı ilə məşhurlaşmasını ailə üçün rüsvayçılıq hesab edirdi.

Ancaq artıq gec idi. “Besame muço” sürətlə məşhurlaşırdı.

Gənc bəstəkarın qarşısında yeni imkanlar açıldı. Onu Hollivuda dəvət etdilər. Mahnının uğurundan sonra ona müxtəlif müqavilələr və böyük məbləğdə qonorar təklif edildi.

Lakin Konsuelo Velaskes ABŞ-da qalmaqdan imtina etdi. Təxminən bir aydan sonra Meksikaya qayıtdı.

Onun arzusu sadəcə məşhur populyar mahnının müəllifi olmaq deyildi. Konsuelo Milli Konservatoriyada təhsil almışdı və özünü ilk növbədə ciddi klassik musiqiçi və pianoçu kimi görürdü.

“Besame muço” dünyanı fəth edir

Buna baxmayaraq, “Besame muço”nun qarşısını almaq mümkün deyildi. Mahnı Meksikadan kənara yayıldı və qısa müddətdə beynəlxalq hitə çevrildi.

Sonrakı illərdə əsər dünyanın müxtəlif ölkələrində və müxtəlif dillərdə səsləndirildi. Mahnını çoxsaylı məşhur ifaçılar repertuarlarına daxil etdilər. Onların arasında “The Beatles”, Elvis Presli, Plasido Dominqo və Frenk Sinatra kimi dünya ulduzları da var.

Mahnının müxtəlif ifaçılar tərəfindən yüzlərlə versiyası yaradılıb və əsər XX əsrin ən tanınan romantik melodiyalarından birinə çevrilib.

“Besame muço”nun kölgəsində qalsa da, Konsuelo Velaskes yaradıcılığını yalnız bu mahnı ilə məhdudlaşdırmayıb. O, ömrü boyu konsertlər verib, təxminən 200 musiqi əsəri yazıb və Meksikanın musiqi həyatında fəal iştirak edib.

Velaskes Meksika Bəstəkarlar İttifaqına rəhbərlik edib, ölkə parlamentində deputat kimi fəaliyyət göstərib.

Şəxsi həyatında isə yalnız bir dəfə ailə qurub. Onun həyat yoldaşı yerli radioda musiqi redaktoru işləyən Mariano Rivera Konde olub. Məhz Rivera Konde gənc Konsuelonun ilk mahnısının populyarlaşmasına kömək edib. Üç il sonra ona evlilik təklifi edib və cütlük ailə qurub.

Bu evlilikdən iki oğul dünyaya gəlib. Onlar sonradan rəssam olublar.

Konsuelo Velaskes həyat yoldaşından 30 il sonra vəfat edib və ölümünədək bir daha ailə qurmayıb.

Bir mahnı, bir əsrin simvolu

“Besame muço” radio efirində ilk dəfə səsləndiyi gündən etibarən dünya şöhrəti qazandı. Mahnı sonrakı illərdə müxtəlif ölkələrdə hit-paradların zirvəsinə yüksəldi və zaman keçdikcə XX əsrin musiqi simvollarından biri oldu.

Mahnının müxtəlif mənbələrdə 120-dən çox dilə tərcümə edildiyi, 100-dən artıq ölkədə yayımlandığı və ümumi tirajının 100 milyondan çox olduğu bildirilir. Amma bu hekayənin ən maraqlı tərəfi rəqəmlər deyil.

“Besame muço”nu yazan qız həmin vaxt cəmi 16 yaşında idi. O, nə böyük sevgi yaşamışdı, nə də mahnıda təsvir etdiyi ehtirası şəxsi təcrübəsindən götürmüşdü. Sadəcə, xəyal etdiyi sevgini musiqiyə çevirmişdi.

Və bəlkə də məhz buna görə həmin mahnı onilliklər keçsə də, öz romantik təsirini itirmədi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*