Rusiyaya bağlı gizli şəbəkə Fransada oktyabr etirazları zamanı baş verən iğtişaşlardan sosial şəbəkələrdə təbliğat məqsədilə istifadə edib. Şəbəkə hadisələrdə nəzarətsiz miqrasiyanı günahlandırmağa və Fransa hökumətini vəziyyətə nəzarəti itirmiş kimi təqdim etməyə çalışıb. Bu barədə Reuters agentliyinin tanış olduğu Avropa İttifaqının daxili qiymətləndirmə sənədində məlumat verilir.
Aİ-nin diplomatik xidmətinin qiymətləndirməsinə əsasən, Rusiyanın “Operation Overload” (“Yenidən yüklənmə əməliyyatı”) adlı şəbəkəsi – “Matryoshka” və “Storm-1679” adları ilə də tanınır – Qərb mediasının materiallarını təqlid edən saxta videolar və paylaşımlar yayıb.
Həmin saxta materiallarda guya miqrantların etirazçılara qarşı cinsi zorakılıq törətdiyi və ya terror aktları hazırladığı iddia olunub. Bu yolla Fransadakı iğtişaşların səbəbi kimi nəzarətsiz miqrasiya və radikal dini cərəyanlar göstərilməyə, cəmiyyətdə qorxu və narazılıq yaradılmağa çalışılıb.
Fransa Xarici İşlər Nazirliyinin ayrıca daxili qiymətləndirmə sənədində isə bildirilir ki, iğtişaşları radikal islamçılıq və miqrasiya ilə əlaqələndirən “düşmənçilik xarakterli narrativlər” İsraillə və ABŞ-da fəaliyyət göstərən MAGA (“Make America Great Again” – “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatı ilə əlaqəli hesabların vasitəsilə də yayılıb.
Bu paylaşımlar sosial şəbəkələrdə milyonlarla baxış toplayıb.
Bununla belə, Avropa İttifaqının ekspertləri yayılan dezinformasiyanın Fransadakı etirazlara səbəb olduğunu və ya iğtişaşların miqyasını artırdığını təsdiqləyən hər hansı sübut aşkar etməyiblər.
Beləliklə, hesabatda əsas diqqət hadisələrin özündən daha çox, baş verən ictimai-siyasi gərginlikdən istifadə edərək cəmiyyətdə parçalanmanı dərinləşdirməyə, miqrasiya və təhlükəsizlik mövzularında qorxu yaratmağa, dövlət institutlarına inamı sarsıtmağa yönəlmiş informasiya manipulyasiyalarına çəkilir.
Natiq Səlim,
KONKRET.az
