Fransada çəkilmiş bu şəkil 2010-cu ildə fotoqraf Manuel Litranın təqdimatında dünya miqyaslı bir aksiyası sayılırdı. Ev heyvanlarının müdafiəsinə yönəlmiş aksiya otuz il sonra yenidən aktuallaşıb. İlk dəfə isə bu foto 1980-ci ilin iyulunda “Paris Match” jurnalında dərc olunub.
KONKRET.az xəbər verir ki, “Dənizə gedən yol” fotosu insan qəddarlığını qabardan ən mühüm mesaja çevrilib. Məhz bu mesaj bir daha xatırladır ki, əhliləşdirdiyimiz canlılara görə əbədi məsuliyyət daşıyırıq.
Fotorəssam özü sonralar xatırlayırdı: “Paris Match”da yay tətil mövsümündə ev heyvanlarının kütləvi şəkildə taleyin ixtiyarına buraxılması hadisəsinin zirvə nöqtəsi barədə reportaj hazırlamaq fikri yaranmışdı. Fransada bu, hər yay təkrarlanır”.
Heyvanların Müdafiə Cəmiyyətinij əməkdaşları təsdiqləyirdilər ki, 1980-ci ilə qədər ölkədə artıq uzun müddətdir davam edən qorxulu bir tendensiya mövcud idi — evanaziya edilmiş (və ya hələ canlı olan) itləri yol kənarına, dənizə, istirahətə aparan yolun kənarına atırdılar.
Fransızların ev heyvanlarına qarşı hər il təkrarlanan bu ürəksiz münasibəti heyvan hüquqları müdafiəçilərini qəzəbləndirirdi, lakin sığınacaqlarda onların hamısını yerləşdirmək üçün fiziki olaraq yer yox idi və sahiblər kütləvi şəkildə bədbəxt heyvanları eutanaziya etməyə başladılar…
İtlərin cəzasız öldürülməsinə ictimaiyyətin diqqətini cəlb etmək üçün “Paris Match” bir fotoçəkiliş həyata keçirmək qərarına gəlir.
“Biz cəmiyyətin cəmi iki gündə topladığı 140 itin cəsədini daşımaq üçün iki soyuducu yük maşını kirayələdik. Bu bədbəxt heyvanları yol boyunca düzərkən, iyin ağırlığından nəfəs almaqda çətinlik çəkirdik”, — deyə fotoqraf Litran xatırlayır və əlavə edir ki, itlərin bəziləri gənc idi; digərlərinin isə hələ boyunbağısı, zınqırovlu tasması və ya adı yazılmış medalyonu qalmışdı.
“Sonra bir neçə gecə yata bilmədim, bu foto məni çox dərindən sarsıtdı”, — deyə fotorəssam Manuel Litran xatırlayır.
Və bu 140 cəsədin asfalt üzərində yaratdığı şok vəziyyətinə düşən yeganə şəxs o deyildi. Fotonun “Paris Match”da dərc olunması çox geniş resonans doğurdu.
“Mənə bəzi amerikalılar zəng edib soruşurdular ki, bu, doldurulmuş oyuncaqlar deyilmi? Onlar prosesə çox təəccüblənmişdilər”, — deyə Manuel izah edir.
Sonralar Brijit Bardonun xahişi ilə şəkillər böyüdülərək Paris metrosunda nümayiş etdirilmişdi.
Ağagül Mürsəlov,
KONKRET.az
