backend

Biznes nikbinliyi - VİDEO

İstər yerli, istərsə də beynəlxalq ekspert rəylərindən belə görünür ki, Azərbaycan biznesi artıq pandemiya şokundan çıxıb və iş adamlarında rentabelli gələcəyə inam yaranıb. Sahibkarlar pandemiya ilə bağlı qapanmış bizneslərini yenidən bərpa edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçirlər.

KONKRET.az-ın məlumatına əsasən, iqtisadiyyat naziri Mikayıl Cabbarov da bu günlərdə öz “Twitter” hesabında bu barədə yazıb. “Azərbaycanda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur”, – deyə o, bildirib.

Nazirin sözlərinə görə, bu ilin birinci yarısında ölkədə aktiv vergi ödəyicilərinin sayı 3,9 faiz artaraq 640 min 401-ə qalxıb, ilin əvvəlində isə 616 min 420 nəfər fəal vergi ödəyicisi var idi. Yəni 6 ayda 24 minə yaxın vergi ödəyicisi öz işini bərpa edib.

Ölkədə əlavə dəyər vergisi ödəyicilərinin, yəni aylıq dövriyyəsi 200 min manatdan yüksək olan vergi ödəyicilərinin sayı isə daha sürətlə artıb. 1 yanvar 2021-ci il tarixi ilə müqayisədə əlavə dəyər vergisi ödəyicilərinin sayı 8,9 faiz artaraq 2021-ci il 1 iyul tarixdə 31 min 738 olub. İlin əvvəlində isə bu göstərici 29 min 144 idi. Yəni 2500-ə yaxın obyekt dövriyyəsini artıraraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata düşüb. Ola bilər ki, bu məsələdə Dövlət Vergi Xidmətinin ötən ilin mayında tətbiq etdiyi «ƏDV geri al» kampaniyasının bu yetərincə populyarlaşmasının da rolu olub. Müştərilər əsasən ƏDV ödəyicisi olan obyektlərdən alış-veriş etməyə başlayıblar.

Ölkədə biznes nikbinliyinin artmasını göstərən əsas artım dinamikası isə qeydiyyatdan keçmiş obyektlərin sayının ilin birinci yarısında 5,8 faiz artmasıdır. Mikayıl Cabbarovun tvitindən belə görünür ki, 1 yanvar 2021-ci il tarixdə ölkədə qeydiyyatdan keçmiş 167 min 32 obyekt olubsa, 1 iyul 2021-ci il tarixə bu say 176 min 794-ə qalxıb. Yəni 9 min 762 obyekt ya yeni işə başlayıb, ya işini bərpa edib, ya da fəaliyyətini leqallaşdırmağı qərara alıb ki, bu da ümumiyyətlə rentabelli biznesə inamın artdığını göstərir.

Azərbaycan sahibkarlarında rentabelli biznesə inamının artdığını beynəlxalq audit və konsaltinq şəbəkəsi “PricewaterhouseCoopers” (Prays voter haus kupers) tərəfindən bu yaxınlarda aparılmış sorğu da göstərib. Azərbaycanın şirkət rəhbərləri arasında keçirilmiş sorğudan belə məlum olur ki, rəyi soruşulan 120 respondentin 42%-i yaxın 12 ayda, 56%-i isə yaxın üç ildə mənfəətinin artacağını gözləyir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov Real TV-yə bildirib ki, bu, nikbin mühit hökumətin pandemiyanın yaratdığı çağırışlar qarşısında gördüyü tədbirlər sayəsində mümkün olub:

«2020-ci il bütün dünyada olduğu kimi Azərbaycan iqtisadiyyatı üçün də çağırışlarla müşayiət olundu. Buna müvafiq olaraq da dövlət tərəfindən dəstək tədbirləri, yəni biznesin dəstəklənməsi tədbirləri icra edildi. Bunun nəticəsidir ki, artıq biz 2021-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini görürük. Məsələn, bizim qeyri-neft ümumi daxili məhsulumuz 5 faiz, ümumi daxili məhsulumuz 2 faiz, qeyri-neft ixracımız 27 faiz, ümumi ixracımız 15 faiz, qeyr-neft sənayemiz 16 faiz artıb. Göründüyü kimi ümumi makroiqtisadi vəziyyət kifat qədər yaxşılaşıb və 2020-ci ilin ressesiyasından sonra bu rəqəmlər kifayət qədər müsbət rəqəmlərdir».

Ayaz Müseyibov ölkə iqtisadiyyatında yaranmış əlverişli mühiti, o cümlədən vergi sahəsində aparılan davamlı islahatlarla, xüsusilə də vergi islahatları ilə əsaslandırıb. Onun sözlərinə görə, son üç ilin vergi islahatlarına nəzər saldıqda könllü vergi tutmaya təşviq edən vergi siyasətinin həyata keçirildiyini, vergi inzibatçılığının təkmilləşdirildiyini, vergi yükünün optimallaşdırılması üzrə davamlı siyasətin aparıldığın görmək olur:

«2018-ci ildə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Eyni zamanda 2019 və 2020-ddə VM-ə daamlı dəyişikliklər edildi. Bu dləyişi kliklər özlüyündə müxtəlif sahələri əhatə edirdi. Məsələn, sadələşdiriolmiş vergi dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, sabit qəbzlə vergi ödəyicisi olanların sırasının genişləndirilməsi, sabitləşmiş vergidən ƏDV ödəyicisinə, yəni mənfət vergisinə keçidin sürətləndirilməsi. Bu istiqamətdə davamlı institusional islahatlar aparıldı. Qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər icra edildi».

Aparılan islahatlar nəticəsində ticarət, ictimai iaşə, məişət xidməti, tikinti kimi çoxçeşidli sahələrdə canlanma yaranıb. Bu qeyri-neft sektoru sahələrinin hamısında vergitutma ilə bağlı müsbət meyllər müşahidə edilib. Bunun nəticəsidir ki, 2021-ci ilin birinci yarısında vergi daxilolmaları 4,1 milyard manat təşkil edib ki, bu, proqnozdan 24 faiz artıq olub. Özü də vergilərin 3,1 milyard manatı, yəni 75,6 faizi qeyri-neft sektorundan daxil olub.

«Əlbəttə, bu iqtisadi rəqəmlərin və vergi daxiolmalarının artmasının biz davamlı olmasını gözləyirik. Artıq son bir neçə ildir ki, vergi daxilolmaları davamlı olaraq artmaqdadır və büdcədəki proqnozdan əlavə yerinə yetirilmişdi. Məsələn, bu ilin ilk altı ayında 500 milyon manata yaxın vəsait proqnozdan əlavə olaraq büdcəyə ödənib. 3,1 milyon manat vəsait büdcəyə təkcə qeyr-neft sektorundan ödənib. Burada biz vergi daxilolmalarının proqnozdan 24 faiz artıq ödənildiyini görə bilirik. Eyni zamanda, bir mühim məqam var, 2020-ci ili sərt ressesiya ili olmasına baxmayaraq, iqtisadi fəaliyyət nisbətən daralmasına baxmayaraq, burada da vergi daxilolmalarında azalma olmadı», – Ayaz Müseyibov bildirib.

Nəzərə almaq lazımdır ki, 2020-ci ildə Azərbaycanda heç bir vergi artırılmayıb, heç bir əlavə vergi təyin olunmayıb. Yəni vergidə artımlar yalnız iqtisadi şəffalığın artırılması və iqtisadi subyektlərin vergilərini könüllü şəkildə ödəməsi ilə bağlı olub ki, hökumətin apardığı islahatların əsas məqsədlərindən biri də məhz budur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*