Hazırda bütün dünyanın diqqəti Mərkəzi Asiyaya, daha dəqiq desək Qazaxıstana yönəlib. Bu ölkədə isə etirazlar səngimək bilmir və hər ötən gün dahada geniş vüsət alır. Artıq prezident Tokayev Qazaxıstanı “terror təhlükəsi”ndən qorumaq üçün KTMT-dən yardım istəyib.
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, hadisələrlə bağlı müəyyən təxminlər səsləndirmək mümkündür:
– Hakimiyyət KTMT-nin köməyi ilə sərt müdaxiləyə əl atacaq;
– Qazaxıstanla Rusiya arasında dərin inteqrasiya (Belarus ssenarisi) gündəmə gələcək;
– Rusiya KTMT-nin Mərkəzi Asiyada “təhlükəsizlik çətiri” rolunu gücləndirəcək;
– Bölgə ölkələri Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya ehtiyatla yanaşacaq;
– Moskva “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta Dəhlizin aktuallığını azaldır və bu marşruta nəzarəti gücləndirir (ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu prosesdə Vaşinqton və Moskvanın gizli anlaşması da istisna deyil); Bütün hallarda qazanan isə ruslardır” – Asif Nərimanlı fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
