Azərbaycanda bölgələrdə müəllim və həkim çatışmazlığı illərdir müzakirə olunan əsas problemlərdən biri olaraq qalır. Xüsusilə, kənd və ucqar ərazilərdə peşəkar kadrların azlığı təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinə ciddi təsir göstərir. Bəziləri problemin həlli üçün pensiya yaşının artırılmasını çıxış yolu hesab etsə də, ekspertlər bunun əsas həll olmadığını bildirirlər.
Bəs bölgələrdə müşahidə olunan müəllim və həkim çatışmazlığının əsas səbəbləri nələrdir və pensiya yaşının artırılması vəziyyəti dəyişə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən İqbal Ağazadə bildirib ki, bölgələrdə müşahidə edilən müəllim və həkim çatışmazlığının əsas səbəbi pensiya yaşının az və ya çox olmasında deyil.

Onun sözlərinə görə, əsas problem kadr potensialının düzgün planlaşdırılmaması və stimullaşdırılmamasıdı:
“Biz dəfələrlə təklif etmişik ki, kadr potensialı elə planlaşdırılmalı və yerləşdirilməlidir ki, insanların bölgələrdə işləməyə stimulu olsun. Təəssüf ki, məsafəyə görə əlavə ödənişlər tətbiq edilmir. Mərkəzdən uzaq ərazilərdə çalışan mütəxəssislər üçün xüsusi şərait yaradılmalı, onların əməyi fərqli şəkildə qiymətləndirilməlidir”.
İqbal Ağazadə hesab edir ki, bölgələrdə çalışan müəllim və həkimlər üçün yalnız maaş artımı deyil, əlavə sosial dəstək mexanizmləri də tətbiq olunmalıdır:
“Qiymətləndirmələr çox cüzidir. Halbuki torpaq sahəsinin verilməsi, təsərrüfat yaratmağa yardım göstərilməsi və müəyyən öhdəliklərin dövlət tərəfindən qarşılanması kimi addımlar atılsa, kənd yerlərində mütəxəssis çatışmazlığını aradan qaldırmaq mümkün olar. Yaşayış imkanlarının zəif olması mütəxəssislərin hamısını mərkəzdə cəmləşməyə məcbur edir. İnsanlar bölgələrdə deyil, paytaxtda iş axtarırlar. Buna görə də aidiyyəti qurumlar kadr potensialını düzgün planlaşdırmalı və effektiv stimullaşdırma siyasəti həyata keçirməlidirlər”.
Aynurə İsmayıl
KONKRET.az
