Boqema sözü haradan yaranıb? – İndiyədək bilmədiyiniz FAKTLARbackend

Boqema sözü haradan yaranıb? - İndiyədək bilmədiyiniz FAKTLAR

Boqema fransız dilində qaraçıların adlarından biri “bohémiens” sözüdür. Bu söz hərfi mənada “bohemiyalılar”, yəni indiki Çexiyanın ərazisində yerləşən tarixi Bohemiya bölgəsinin sakinləri deməkdir.

SSRİ dövründə çox bahalı qiymətə boqema çini qabları və xrustal çilçıraqlar haqqında eşitmisiniz.

Gəlin bir qədər tarixə qayıdaq.

Orta əsrlərdə Bohemiya ərazisində çoxlu sayda qaraçı yaşayırdı. Məhz buna görə də sonradan sərgərdan və qaydalara sığmayan həyat tərzi keçirən sənət adamlarının həyatı qaraçıların yaşam tərzi ilə müqayisə edilməyə başladı. Üstəlik, qaraçıların özləri arasında da aktyorlar, müğənnilər və musiqiçilər çox idi.

“Bohema” termini Fransada XIX əsrin birinci yarısında meydana gəldi və zaman keçdikcə geniş yayıldı.

Termin xüsusilə fransız yazıçısı Anri Mürjenin 1849-cu ildə nəşr olunan “Bohema həyatından səhnələr” adlı əsərindən sonra məşhurlaşdı.

Daha sonra bu ad eyni adlı məşhur operalar vasitəsilə bütün dünyada tanındı. İtalyan bəstəkarı Cakomo Puççini 1896-cı ildə, Ruccero Leonkavallo isə 1897-ci ildə “Bohema” adlı operalarını yazdılar.

Beləliklə, ruslardan bizim leksikona düşən “boqema” kimi sözü tədricən yalnız konkret bir xalqın və ya coğrafi bölgənin adı olmaqdan çıxaraq, ənənəvi həyat tərzindən uzaq yaşayan yaradıcı insanların mühitini, bahalı məhsulları və həyat fəlsəfəsini ifadə edən anlayışa çevrildi.

Boqema kimdir?

Rus dilinin izahlı lüğətlərindən birində, S.İ. Ojeqovun lüğətində “boqema” belə izah olunur:

“Boqema – sabit maddi təminatı olmayan ziyalılar (aktyorlar, rəssamlar, musiqiçilər, ədiblər), nizamsız həyat tərzi keçirən insanlar, eləcə də belə həyat tərzi və həmin insanların mühiti”.

Bu baxımdan boqema deyəndə yalnız kasıb və ya qeyri-sabit həyat yaşayan sənətçiləri nəzərdə tutmaq düzgün deyil.

Bu anlayışın arxasında daha geniş bir məna dayanır: sənət naminə rahatlıqdan, ictimai stereotiplərdən və bəzən də maddi sabitlikdən imtina edən yaradıcı insanların özünəməxsus həyat tərzi.

Boqema həyatı çox vaxt azadlıq, qeyri-standart düşüncə, yaradıcılıq, gecə məclisləri, ədəbi söhbətlər, musiqi, rəssamlıq və cəmiyyətin qəbul etdiyi qaydalara qarşı müəyyən laqeydliklə assosiasiya olunur.

Bu səbəbdən də zaman keçdikcə “boqema” sözü sadəcə “sənətçi” mənasında deyil, müəyyən bir yaradıcı mühitin və həyat fəlsəfəsinin adı kimi işlənməyə başlayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*