Borovikov: “Casusluq region üçün əlavə risklər yaradır”backend

Borovikov: "Casusluq region üçün əlavə risklər yaradır"

Yola saldığımız il Rusiya üçün çətin keçdi. Ukrayna ilə müharibə və Qərbin tətbiq etdiyi sanksyalar fonunda Rusiya iqtisadiyyatında müəyyən problemlər yaşandı. Xarici siyasətdə təpkilərə məruz qalan Rusiya indi Cənubi Qafqazda Ermənistanla üz-üzədir.

KONKRET.az rusiyalı ekspert, Transsərhəd Əməkdaşlıq Assosiasiyasının aparıcı analitiki Sergey Borovikovun bu yöndə olan müsahibəsini təqdim edir.

– 2023-cü ilin yekunlarını Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri baxımından necə xarakterizə edərdiniz?

– Mənə elə gəlir ki, burada lovğalanacaq heç nə yoxdur. Bu, onunla bağlıdır ki, hazırda Cənubi Qafqaz Rusiyanın xarici siyasət maraqlarının əsas sahəsi deyil.

– Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı əvvəlki proqnozunuz dəyişibmi?

– Mən Ermənistan-Azərbaycan münasibətlərinin həllinə hələ də şübhə ilə yanaşıram, çünki münaqişə tam həll olunmayıb və dünya son dərəcə kövrək və qeyri-sabit mərhələdədir. Bu da həm gizli, həm də faktiki münaqişələrin gələcək inkişafına təkan verir. Regionda davamlı sülhdən danışmaq hələ tezdir.

– Aİ Ermənistandakı missiyasını genişləndirir. Bu amil yaxın gələcəkdə regional iqlimə necə təsir edəcək?

– Aİ indi Rusiyanı zəif yerindən vurmaq istəyir. Ona manyak kimi yanaşır. Düşünürəm ki, Aİ Cənubi Qafqazda öz təsirini genişləndirmək üçün ehtiyatlarından istifadə edəcək və bütün bunların Ermənistan və Azərbaycana nə qədər baha başa gələcəyi isə onları qətiyyən narahat etmir. Təbii ki, Aİ missiyasının genişləndirilməsi casusluğun artması və Avropaya sadiq siyasi qüvvələrə fəal dəstək şəklində region üçün əlavə risklər yaradacaq.

– Rusiya, ABŞ və Aİ Cənubi Qafqaz uğrunda fəal mübarizə aparır. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında rəqabətin səviyyəsini necə qiymətləndirirsiniz?

– Təbii ki, Cənubi Qafqaz regionunda Rusiya, ABŞ və Aİ arasında rəqabət var və bu, kifayət qədər yüksəkdir. Başqa bir məsələ odur ki, regiondakı vəziyyət onların hər biri üçün ikinci dərəcəli əhəmiyyət kəsb etsə də, Rusiya və digər xarici oyunçuların Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına tamamilə fərqli yanaşmaları var.

Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, ABŞ Fələstin-İsrail münaqişəsində fəal iştirak edir. Lakin Rusiyanın Afrika, Ukrayna və Suriyadakı müəyyən uğurları fonunda Qərb Rusiyaya zərər vurmaq cəhdlərindən əl çəkmir. Bunun ən əlverişli səbəbi ənənəvi olaraq Rusiyanın maraqları orbitində olan Cənubi Qafqaz regionudur. Deməli, bu regionda liderlik uğrunda rəqabət kifayət qədər köhnədir və çox güman ki, gələcəkdə də davam edəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*