Boşanma səbəbləri evlilik illərinə görə dəyişir – Professorbackend

Boşanma səbəbləri evlilik illərinə görə dəyişir - Professor

İyulun 9-da Nizami Kino Mərkəzində “EMPAT Psixologiya Mərkəzi”nin təşkilatçılığı ilə psixiatriya üzrə elmlər doktoru, “Avropa Davranış Koqnitiv Terapiyalar Birliyi”nin sədri, professor Mehmet Zihni Sungurun seminarı təşkil olunub.

KONKRET.az xəbər verir ki, “Cütlük terapiyalarına koqnitiv davranış yanaşması” mövzusunda keçirilən seminarda xoşbəxt evlilik üçün lazım olan münasibət metodları, sağlam ünsiyyət, düzgün ünsiyyət qurmaq üçün ər və arvad arasında bir-birinə zidd olan inanclara qarşı mübarizə aparmaqdan bəhs edilib.

Amerikada evlənənlərin 60, Avropada isə 50 faizinin boşandığını bildirən professor boşanmaların çox sürətlə artdığını qeyd edərək deyib:

“Evlilik hüquqi və sosial baxımından qəbuledilən birlikdəlikdir, Lakin öz-özünə gedən proses deyil. Evliliyi davam etdirmək üçün tərəflər cəhd etməli, yolunda getməyən problemlərin həlli üçün evlilik terapevtlərinə, mütəxəssislərə müraciət etməlidirlər. Statistika göstərir ki, hər iki-üç evlilikdən biri boşanma ilə nəticələnir. Boşanan kişilər arasında ölüm riski boşanmayanlara nisbətən üç, intihar riski isə yeddi dəfə çoxdur. Evliliklərində xoşbəxt olmayan qadınlar arasında isə depressiyaya düşmə riski 8-25 dəfə artır.

Türkiyədə də hər onillikdə evlənənlərin sayının azaldığı, boşananların sayının artdığını görmək mümkündür. Bəs əgər hər iki evlilikdən biri boşanma ilə nəticələnirsə, evlənmə səviyyəsi niyə nəzərəçarpacaq dərəcədə azalmır? Bunun bir neçə səbəbi var. Əsas səbəb kimsənin boşanmaq üçün evlənməməsidir. Hər kəs evlənərkən evliliyini davam etdirən 50 faiz arasında olacağını düşünür.

Digər səbəblər arasında nəzarət illuziyası yer alır. Burada tərəflərdən biri və ya hər ikisi yolunda getməyən məqamlar zamanı vəziyyəti asanlıqla ələ ala biləcəyini düşünür. Bundan əlavə, evlilikdən əvvəl münasibətin müsbətlərə açıq olması, təhlükəli ehtimal, yəni, tərəflərin eşqin hər şeyin öhdəsindən gələ biləcəyinə inanması, “olmazsa, ayrılaram, gəncəm, gözələm, üstəlik məsləyim və pulum var” düşüncəsi, haqlar anlayışının məsuliyyət qavramından üstün olması da, – halbuki, burada haqlar və məsuliyyət arasında balans yaratmaq lazımdır, – səbəblər arasında yer alır”.

Qeyd olunub ki, münasibətlərdə problemlər yarandığı zaman ər və arvad özlərini, lakin daha çox qarşı tərəfi analiz etməyə başlayırlar.

Diqqətə çatdırılıb ki, yaxşı münasibətdə olduğun zaman uzaq durulması vacib məqamlar da var. Bunlar şiddət, alkoqol asılılığı, həddən artıq qısqanclıq, partnyorunu öz istədiyi formata uyğunlaşdırmağa çalışmaq, həyat yoldaşına güc gələrək ona nəzarət etmək cəhdləri, paylaşmağa deyil, yalnız almağa çalışmaq, təkrarlanan sədaqətsizlikdir.

Yaxşı münasibətdə ayrı qaldığımız, birlikdə olduğumuz və bütünləşdiyimiz anlar var. Uğursuz olan evliliklər deyil, tərəflərdir. Odur ki, tərəflərin evlilikdən əvvəl maarifləndirilməsi vacibdir.

Evlənməyə hazırlaşan cütlüklər arasında belə bir tədqiqat aparılıb. Həmin cütlüklər iki qrupa ayrılıb. Qruplardan biri evliliklər zamanı ortaya çıxan problemlərin həlli yolları, sağlam münasibətin qurulması üçün lazım olan davranış metodları haqqında məlumatlandırılıblar. Digər qrup isə bu prosesdən kənarda qalıb.

Məlum olub ki, maarifləndirməyə qatılan cütlüklər arasında 5-10 il sonra evliliyin davam etməsi səviyyəsi digərlərinə nisbətən yüksəkdir. Bu, onu göstərir ki, maarifləndirmə evliliyi daha sağlam hala gətirməkdə faydalıdır. Xoşbəxt evliliyin səbəbləri arasında bir neçə nüans xüsusi qeyd edilməlidir.

Hər evlilikdə problemlər olur, əsas problemlər zamanı tərəflərin bir-birini günahlandırmaq yerinə, onun həlli üçün birləşməsidir. İnsanların xoşagəlməz davranışları dəyişə bilər. Lakin bunu basqı altında deyil, motivasiya verərək əldə etmək mümkündür.

Gözləntilərlə evlənmək olmaz. Sevgi yalnız sözlərdə olmamalı, əmələ də yansımalıdır. Evlilikləri kənar müdaxilələrdən uzaq tutmaq, bir-birini tanımağa izn vermək, bir səhvində və ya xoşagəlməz davranışında asanlıqla qınamamaq lazımdır. Cütlüklər öz xoş əməlləri, düzgün davranışları ilə bir-birilərini öyrətməlidirlər. Bundan əlavə, nə söylədiyindən çox necə söylədiyin önəmlidir ki, burada da düzgün və yaxşı ünsiyyətin rolu danılmazdır.

Boşanma səbəbləri evlilik illərinə görə dəyişir. İlk illərdə şiddət, maddi problemlər, kənar müdaxilələr nəticəsində baş verirsə, bir neçə il davam edən evliliklərdə bu, tərəflərin bir-birinə yadlaşması nəticəsində olur. Evlilikdə xəyalların puç olması yalnız yaxşı bir şeylər hissetdirən yaşantılara dair gözləntilər olan zaman qeydə alınır.

Qarşılıqlı müzakirə ilə keçən seminar zamanı iştirakçıların suallar cavablandırılıb, onlara sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*