Litva Milli Böhran İdarəetmə Mərkəzinin (MBİM) rəhbəri Vilmantas Vitkauskas hökumətdə keçirilən mətbuat konfransında bildirib ki, ölkənin mülki ehtiyatına təxminən 100 min nəfərin cəlb edilməsi nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.
Vitkauskasın sözlərinə görə, peşəkar bilikləri və vəzifə öhdəlikləri səfərbərlik planlarının icrası üçün vacib sayılan Litva vətəndaşları artıq ehtiyata daxil edilir.
Bu siyahıya dövlət və bələdiyyə qulluqçuları, həkimlər, mühəndislər, İT mütəxəssisləri, energetiklər, loqistlər və polis əməkdaşları daxildir. Onların müəyyən hissəsi artıq müvafiq siyahılarda yer alıb.
“Əsas hədəf ehtiyatda təxminən 100 min nəfərlik heyət formalaşdırmaqdır”, – deyə Vitkauskas qeyd edib.
O bildirib ki, səfərbərlik zamanı bu mütəxəssislər öz iş yerlərində qalaraq səhiyyə, energetika, rabitə, dövlət idarəçiliyi və digər həyati əhəmiyyətli sistemlərin fasiləsiz fəaliyyətini təmin etməlidirlər. Bu şəxslərin başqa məcburi işlərə yönləndirilməsi nəzərdə tutulmur.
MBİM rəhbəri Litvanın Polşa ilə birgə beynəlxalq təxliyə planı hazırladığını da diqqətə çatdırıb. Plan Litva, Latviya və Estoniya əhalisinin bir hissəsinin zərurət yarandığı təqdirdə Polşa sərhədi vasitəsilə təxliyəsini nəzərdə tutur. Litvanın daxili milli planı artıq hazır olsa da, transmilli sənədin hazırlanması davam edir.
Sərhəddə hərbi təhlükə yarandığı halda, səfərbərliyin lazımi səviyyədə təşkil olunması və kritik vacib vəzifələri tutan mütəxəssislərin ölkədən çıxışının qarşısını almaq üçün sərhəd nəzarəti bərpa edilə bilər. Eyni zamanda, sərhəddə böyük sıxlıq yaranmaması üçün Litva və Polşa buraxılış qaydalarını əvvəlcədən razılaşdırmağı planlaşdırır.
Hazırlanan planlar sentyabrın 25-dən oktyabrın 3-dək keçirilən Litvanın ən böyük illik səfərbərlik təlimləri – “Vitis Birliyi 2026” çərçivəsində sınaqdan keçiriləcək. Manevrlərdə 3 minə yaxın dövlət qulluqçusu, bələdiyyə, idarə və müəssisə əməkdaşı, həmçinin 1000-ə yaxın könüllü iştirak edir.
Təlimlərin ssenarisinə əsasən, aidiyyəti qurumlar hərbi-siyasi vəziyyətin kəskinləşməsi, energetika və rabitə sistemlərindəki kəsintilər, müttəfiq qüvvələrin qəbulu və dövlətin səfərbərlik rejimini tətbiq etməsi kimi halları məşq edəcəklər. Həmçinin Belarus tərəfindən ehtimal olunan hərbi müdaxilə təhlükəsi zamanı Vilnüs və sərhədyanı rayon sakinlərinin təxliyəsi nəzərdə tutulub.
Qeyd edək ki, iyul ayında Litva Daxili İşlər Nazirliyi dövlət təxliyə planını təsdiqləyib. Hesablamalara görə, təhlükə yarandıqda əhalinin 75%-i ərazini müstəqil tərk edə biləcək. Geridə qalan sakinlərin, xüsusən də uşaqlı ailələrin, yaşlıların və əlilliyi olan şəxslərin təxliyəsinə görə yerli bələdiyyələr məsuliyyət daşıyacaq.
Litva eyni zamanda hərbi gücünü və müdafiə büdcəsini artırır. Seymin təsdiqlədiyi dəyişikliklərə əsasən, hərbi qulluqçuların maksimum sayı 20,8 min nəfərdən 29,4 min nəfərə, illik çağırış isə 4,2-7 min nəfərədək yüksəldiləcək.
Prezidentin müşaviri Marius Çesnulyaviçyus bildirib ki, Ölkənin Ümumi Müdafiəsinin Əlaqələndirilməsi üzrə Milli Şurası ümumi hərbi çağırışın 2035-ci il əvəzinə 2030-cu ilə qədər tətbiq olunmasını təklif edəcək. Məlumat üçün bildirək ki, Litva 2008-ci ildə ləğv etdiyi müddətli həqiqi hərbi xidməti 2015-ci ildə bərpa edib.
2026-cı ildə ölkənin müdafiə büdcəsinə 4,8 milyard avro (ÜDM-in 5,38%-i) ayrılıb. Baş nazir Mindaugas Sinkeviçyus xərclərin bundan sonra da ÜDM-in ən azı 5%-i həcmində saxlanılacağını bəyan edib. Bu vəsaitlər 20 min nəfərlik milli diviziyanın formalaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin gücləndirilməsi və Almaniya hərbi briqadasının qəbul edilməsi üçün istifadə olunacaq.\\Musavat.com
