“Bu addım əmlak bazarında ciddi qiymət artımları ilə müşayiət olunacaq” – Ekspert AÇIQLADIbackend

"Bu addım əmlak bazarında ciddi qiymət artımları ilə müşayiət olunacaq" - Ekspert AÇIQLADI

Yay mövsümünün gəlməsi və havaların isinməsi ilə şəhərətrafı bağ evlərinə tələbin artması əmlak bazarındakı qiymətləri yenidən gündəmə gətirib. Belə ki, fərdi yaşayış və bağ evlərinə tələbat aktuallaşıb. İnsanların əksəriyyətinin yay aylarında istirahətə yollanması həm kirayə, həm də alqı-satqı işinə təsirsiz ötüşmür. Ekspertlər isə bu vəziyyəti müxtəlif cür qiymətləndirirlər.

Mövzunu KONKRET.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinə tələbat artır: “Bu, həm bağ evlərinin kirayə, həm də satış qiymətinə təsir göstərir. Müştəri axını bağ evlərinin qiymətinin bahalaşmasına səbəb olur. Artıq 2020-ci ildən bəri təkcə Bakı və Bakıətrafı qəsəbələrdəki bağ evlərinə yox, həm də bölgələrdəki həyət evlərinə tələbat artıb. Pandemiya zamanı qapanmalar səbəbindən xarici ölkələrə gediş-gəlişdə yaranan məhdudiyyətlər səbəbindən insanlar daha çox öz ölkəmizdə istirahətə üstünlük verdilər. Yəni əhalinin Azərbaycanın müxtəlif turizm bölgələrinə üz tutması daxili turizmin, eləcə də bölgələrin iqtisadi inkişafına səbəb oldu. Hazırda turistik bölgələrdə həyətyanı evlərin qiyməti demək olar ki, paytaxtla eynilik təşkil edir. İnsanlar artıq istirahət üçün dənizkənarına deyil, təbiət qoynuna, yaşıllığa meyl edirlər. Bu səbəbdən həmin ərazilərdə mənzillərin kirayəsində və satışında ciddi qiymət artımı müşahidə olunur”.

Vətəndaşlara sökülən evlərə görə kompensasiya bu şərtlərlə verilməlidir - Ekspert açıqlayır

Ekspertin sözlərinə görə, yay aylarında bina evlərinə, kirayə mənzillərə tələbat azalır: “Bu, daha çox tələbələrin şəhərdən getməsi ilə əlaqədardır. Ona görə də, kirayə bazarında nisbətən boşluq olur. Bu, az da olsa qiymətlərdə özünü göstərir. Lakin 2016-cı ildən başlayaraq paytaxt Bakıda pilot layihələr üzrə istismar müddəti bitən binaların söküntüsünə başlanılıb. Sökülən hər beşmərtəbəli binaların yerində 16 mərtəbəli evlər tikilir. Söküntü zamanı həmin binalarda yaşayan sakinlər məcburən kirayə çıxmalı olurlar. Bu da kirayə bazarında məcburi qıtlığın yaranması ilə nəticələnir. Köhnə beşmərtəbəli binalardakı mənzillərin kirayə bazarından çıxması tələbatı artırır. Elə bu səbəbdən də onların yerində inşa olunan 16 mərtəbəli mənzillərdə kirayə evlər daha baha qiymətlərlə təklif olunur. Ümumiyyətlə, paytaxtda istismar müddətini başa vuran binaların tədricən sökülməsi Bakıda kirayə mənzillərin qiymətini bahalaşdıracaq. Bu da ciddi qiymət artımları ilə müşayiət olunacaq. Sözügedən prosesin qarşısını almaq üçün ilk növbədə tələbə yataqxanaları bərpa olunmalıdır. Tələbələrin ev probleminin həlli kirayə mənzil bazarında qiymətləri ucuzlaşdıra bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*