Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Bu gün müasir Azərbaycan reallığına nəzər saldıqda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görmək mümkündür. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.
Milli mətbuatımızın uğurlu inkişafı zəngin keçmişinin mirasıdır.
Məlum olduğu kimi, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Belə ki, Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazandı. Həmin dövrdə ziyalıların müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoydu.
1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Təsadüfi deyil ki, məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində, həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanda söz və mətbuat azadlığını təmin etdi.
Heç şübhəsiz, ölkəmizdə mətbuat azadlığının inkişaf etdirilməsi, insanların söz azadlığı hüququnun qorunmasından danışarkən, Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman xüsusi olaraq qeyd edilməlidir.
2000-ci ilin martında Ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, beynəlxalq təcrübəyə əsaslanaraq, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi təşkilatı əsaslarının möhkəmləndirilməsi məqsədi ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Daim mətbuata, jurnalistlərə böyük qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarını dondurdu. Bu borclar sonradan ləğv edildi.
Prezident İlham Əliyev Azərbaycanda söz azadlığının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyev hər zaman jurnalistlərin sosial rifah halının yüksəldilməsi məsələsini də diqqət mərkəzində saxlayır. Bu istiqamətdə atılan addımlar media nümayəndələrinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün böyük əhəmiyyətə malikdir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, fikir və söz azadlığı sağlam cəmiyyətin əsas göstəricilərindən biridir:
![]()
“Cəmiyyətdə müxtəlif fikirlərin sərbəst ifadə olunması, alternativ baxışların müzakirəyə çıxarılması və informasiya əldə etmək imkanlarının genişlənməsi plüralizmin inkişafına xidmət edir. Bu isə öz növbəsində dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və effektiv qurulmasına şərait yaradır.”
Politoloqun sözlərinə görə, müasir dövrdə informasiya mühitinin sürətlə dəyişməsi media savadlılığının və məsuliyyətli informasiya siyasətinin əhəmiyyətini daha da artırır:
“Azad informasiya mühiti ilə yanaşı, dezinformasiyaya qarşı mübarizə də vacibdir. Burada həm media qurumlarının, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.”
Aydın Tağıyev vurğulayıb ki, fikir müxtəlifliyinin qorunması və açıq ictimai dialoqun təşviqi demokratik inkişafın əsas istiqamətlərindən biri olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

