Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi varbackend

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Azərbaycanda meşə ərazilərində, yol kənarlarında və digər təbii sahələrdə yabanı meyvə, giləmeyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil. Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur.

Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərqlər var. Eyni zamanda, müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması inzibati məsuliyyətə səbəb ola bilər.

Bəs vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilər? Hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanmasına görə vətəndaşları hansı cərimələr və digər məsuliyyət növləri gözləyir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, fiziki şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər.

Onun sözlərinə görə, vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qadağa yoxdur:

“Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə, fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman da müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər.

Hazırkı İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 2 000–2 500 manat, hüquqi şəxslər isə 5 000–6 500 manat məbləğində cərimə edilə bilərlər.

Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, giləmeyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır. Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilmiş ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur.

Bununla yanaşı, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına xüsusi diqqət yetirilməlidir. Belə bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə qorunur. Vətəndaşlar meşədə və ya digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir.

Bu baxımdan, təbii ərazilərdə məhsul toplayan şəxslər əvvəlcə həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə və onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət etməlidirlər. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir”, – deyə hüquqşünas fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*