Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiyasının 1991-ci il Almatı Bəyannaməsi əsasında və mərhələli şəkildə şimaldan cənuba aparılacağı ilə bağlı açıqlaması regionda davamlı sülh perspektivlərini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, prosesin qarşılıqlı razılaşmalar əsasında həyata keçirilməsi iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm təsir göstərə bilər. Bəs bu yanaşma uzunmüddətli sabitlik üçün real zəmin yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi 1991-ci il Almatı Bəyannaməsi əsasında həyata keçirilir:

“Çünki tərəflər bu istiqamətdə artıq razılığa gəliblər. Şimaldan cənuba delimitasiya prosesinin aparılması Azərbaycan tərəfindən təklif olunub. Hazırda şimal istiqamətində təxminən 11 kilometrlik ərazidə delimitasiya və demarkasiya işləri həyata keçirilir.
Ermənistanda revanşist qüvvələr prosesə qarşı çıxır və regionda yenidən gərginlik yaratmağa çalışırlar.
Onlar yalnız sərhədlərin delimitasiya və demarkasiyasına qarşı çıxmırlar, eyni zamanda Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Bu qüvvələr müharibə ritorikasını təbliğ edirlər”.
M. Əsədullazadə qeyd edib ki, Nikol Paşinyanın əsas məqsədi sərhədlərin dəqiqləşdirilməsi və sülh gündəliyinin reallaşdırılmasıdır:
“Düşünürəm ki, Paşinyan bu siyasi xətti davam etdirəcək və delimitasiya prosesi baş tutacaq. Azərbaycan baş nazirinin müavini və nümayəndə heyəti Ermənistanda olub. Ermənistan nümayəndə heyəti də Azərbaycana səfər edib. Bu qarşılıqlı təmaslar uzunmüddətli sülhün əldə olunması və qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır”.
Ekspertin fikrincə, yekunda iki ölkə arasında bütün sənədlər tam şəkildə müəyyənləşdiriləcək və sülh müqaviləsinin imzalanması mümkün olacaq:
“Artıq müharibə məsələsi əvvəlki qədər aktual deyil və arxa plana keçib. Ancaq revanşist qüvvələr hakimiyyətə gəlsələr, bu proseslər ləngiyə və ya təhlükə altına düşə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
