Camaatın hər gün üzləşdiyi ən böyük problemlərdən biri yolların və küçələrin acınacaqlı vəziyyətidir. Tıxaclar, plansız parklanma, qeyri-effektiv nəqliyyat təşkilatı və illərlə həllini tapmayan infrastruktur çatışmazlıqları vətəndaşların vaxtına, əsəblərinə və büdcəsinə ciddi təsir göstərir. Aidiyyəti qurumların mütəmadi açıqlamalarına və müxtəlif layihələrə baxmayaraq, problem nəinki aradan qalxmır, əksinə, bəzi ərazilərdə daha da dərinləşir. Bəs küçə və yolların vəziyyəti ilə bağlı uzun illərdir səslənən şikayətlərə rəğmən, niyə hələ də ciddi nəticə əldə olunmur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasətçi Sərdar Cəlaloğlu hesab edir ki, mövcud vəziyyət təkcə infrastruktur deyil, həm də idarəetmə məsələsidir.

Onun sözlərinə görə, Almaniyada işlədilən “Mədəniyyət yoldan başlayır” ifadəsi Azərbaycanın yol təsərrüfatındakı problemləri dəqiq əks etdirir:
“Azərbaycan yollarının vəziyyəti ümumilikdə idarəetmə mədəniyyətimizin güzgüsüdür. Bu gün yollardakı problemlərin təxminən 90 faizi süni səbəblərdən qaynaqlanır. Müəyyən dairələr nəqliyyatın ləngiməsində, sıxlığın yaranmasında maraqlıdır. İnsanlar tələsir, qayda pozuntuları artır və nəticədə cərimələr hesabına böyük gəlirlər əldə olunur.
Şəhərdən çıxış yollarında sürət həddinin aşağı salınması nəqliyyatın hərəkətini daha da çətinləşdirir.
Əslində şəhərdən çıxan avtomobillərin sayı mümkün qədər çox olmalıdır ki, mərkəzdəki sıxlıq azalsın. Lakin bəzi qərarlar bunun əksinə xidmət edir”.
Siyasətçi velosiped zolaqları, parklanma yerləri və marşrut avtobusları ilə bağlı mövcud vəziyyəti də tənqid edib. Onun fikrincə, bəzi hallarda nəqliyyatın təşkili ictimai maraqlardan çox maliyyə maraqlarına xidmət edir.
“Bakıda ciddi nəqliyyat sıxlığı yoxdur. Problem düzgün tənzimləmənin olmamasıdır. Harda gəldi parkinqlərin yaradılması, eyni istiqamətdə çoxsaylı marşrut avtobuslarının fəaliyyət göstərməsi vəziyyəti daha da mürəkkəbləşdirir”, – deyə o, vurğulayıb.
Cəlaloğlu hesab edir ki, nəqliyyat sahəsində peşəkar mütəxəssislərin rəyi kifayət qədər nəzərə alınmır:
“Əsl mütəxəssislər kənarda qalır, qərarları isə çox vaxt sahəni yaxşı bilməyən şəxslər verir. Halbuki Azərbaycanda bu problemləri həll edə biləcək kifayət qədər savadlı mütəxəssis var.
Dövlət qurumlarının və iri müəssisələrin bir hissəsi şəhər mərkəzindən kənara köçürülməli, mərkəz isə daha çox piyadaların istirahəti və ictimai istifadəsi üçün nəzərdə tutulmalıdır.
Nazirliklər və bəzi iri qurumlar şəhərdən kənara çıxarılsa, həm sıxlıq azalacaq, həm də nəqliyyatın hərəkəti xeyli rahatlaşacaq”, – deyə Sərdar Cəlaloğlu qeyd edib”.
Müşviq Tofiqoğlu
KONKRET.az
