Türkiyənin Kocaeli vilayətində Derince limanında baş verən partlayış zamanı anbarda saxlanılan kənd təsərrüfatı məhsullarının saxlanıldığı 20%-nə ziyan dəyib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Administrasiya bununla da ölkə mediasında insident zamanı 8 milyon ton məhsul ehtiyatının zərər görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: “Limanın ümumi tutumu 95 min ton təşkil edir. Partlayışın baş verdiyi anbarda 75 min ton ehtiyat olub. İlkin hesablamalara görə, bu ehtiyatın təqribən 20%-inə (15 min ton) ziyan dəyib. Buna görə də, 8 milyon ton məhsulun məhv olduğu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Xatırladaq ki, avqustun 7-si Derince limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Daha sonradan partlayışın taxılın gəmiyə yüklənməsi zamanı elevatorda baş verdiyi qeyd olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.//qafqazinfo
