Avstraliya federal hökuməti Rusiya səfirliyinin yeni binasının tikintisi üçün 2008-ci ildə bağlanmış icarə müqaviləsini ləğv edir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir Entoni Albaneze bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Avstraliya parlamentinə təqdim edilib.
Albaneze qeyd edib ki, Avstraliya Federal Məhkəməsinin daha əvvəl təsdiq etdiyi icarəyə xitam vermə qərarının əsas səbəbi təhlükəsizliklə bağlıdır.
“İcarəyə götürülmüş obyektin Rusiyanın rəsmi diplomatik nümayəndəliyinə çevrilməməsi üçün tez hərəkətə keçəcəyik. Avstraliya hökuməti parlament binası yanında yerləşən ərazinin Rusiyaya icarəyə verilməsinin milli təhlükəsizliyə təhdid yaratdığı barədə xəbərdarlıq alıb”, – deyə Baş nazir qeyd edib.
Rusiyanın Avstraliyadakı səfirliyi bildirib ki, icarə müqaviləsinə xitam verən qanunvericilik aktı Albanezin Moskva ilə münasibətləri qəsdən və ardıcıl şəkildə pozmaq yolunda növbəti addımıdır.
“Biz Kanberranın düşmənçilik hərəkətlərini beynəlxalq hüquq nöqteyi-nəzərindən təhlil edəcəyik və lazımi cavab verəcəyik”, – deyə Rusiyanın Avstraliyadakı səfiri bildirib.
Qeyd edək ki, Rusiya 2008-ci ildə yeni səfirlik binası üçün ərazini Kanberrada Avstraliya Parlament binasının yanında icarəyə götürüb.
İqbal Rzayev,
KONKRET.az
