
İyulun 20-də 369 nəfər yoluxub, 523 nəfər sağalıb. Bir çox insanlar payızda pandemiyanın ikinci dalğasının başlayacağı və yoluxanların sayının yenidən artacağı ilə bağlı fikirlər səsləndirirlər.
Artıq cəmiyyətdə payızda koronavirus pandemiyasının ikinci dalğasının baş verəcəyi gözlənilir.
KONKRET.az-a bununla bağlı danışan deputat İlham Məmmədov bildirib ki, payızda hər il olduğu kimi kəskin respirator virus xəstəliklər artır. “COVİD 19”-da payızda yayılma sürətinin artması gözlənilir: “Biz koronavirusla mübarizə ilə başladığımız ilk zamanlar cənab prezidentin qabaqlayıcı tədbirlərlə bağlı verdiyi operativ göstərişlər zamanı müəyyən vaxt qazanmış olduq. Onun idarə olunması üçün lazım olan təşkilanma işləri görüldü.
Dünyanı qəfil yaxalamış, heç bir mübarizə çərçivəsində metodik tövsiyələri olmayan bir xəstəliklə hər bir dövlət özü mübarizə aparır. Azərbaycan koronavirusla münarizədə digər ölkələrə nümunə oldu. Tibbi maskalar və gigiyenik məhsullar istifadə edən müəssisələrin yaradılması, yeni modul tipli xəstəxanaların tikilməsi koronavirusla müabrizəni daha da asanlaşdırdı. Əlbəttə, son günlərdəki azalma dinamikası son aylarda tətbiq edilən sərt karantin rejiminin nəticəsidir. Sərt karantin rejimi insanlarının azadlıqlarının məhdudlaşdırılması deyildi. Karantin rejimin tədbiqində məqsəd koronavirus pandemiyasının yayılmasının qarşısının alınması idi. Buna nail olunub.
Amma nəticələrə baxıb arxayın olmaq da olmaz. Amma bununla yanaşı bizim davranış xüsusiyyətlərimiz formalaşıb. Yəni artıq pandemiya və karantin rejimi vaxtı əməl etməli olduğumuz bir çox məsələlər var ki, bizim həyat tərzimizə çevrilib. Son vaxtlar insanlarımız qoruyucu maskalardan istifadə edir, sosial məsafəni qoruyurlar. Təbii ki, insanlar gördü ki, bir çox yaxınları və tanışları bu xəstəliyə yoluxur”.
Deputat qeyd edib ki, payızda koronavirusun artma ehtimalı böyükdür: “Ola bilsin ki, ikinci dalğa başlasın. Düzü, bunu hərə bir adla adlandırır. Mən bu adların heç birini qəbul etmirəm. Çünki bu xəstəliyin hələ də dünyada müalicə metodu yoxdur. Koronavirusun sonrakı dövrlərdə özünü necə aparacağını bilmirik. ikinci dalğa necə olacaq? Məncə ikinci dalğanın necə olacağından asılı olmayaraq, biz karantin dövründə mənimsədiyimiz davranışlarımızı özümüz üçün artırmalıyıq. Yəni şəxsi gigyenik qaydalara əməl edib, sosial məsafəni qorumalıyıq. Bundan əlavə, qoruyucu tibbi maskalardan istifadə etməli və əhalinin çox toplaşdığı yerlərə getməmək lazımdır. Əvvəlki kimi qonaqlıqları, toyları, ad günü məclislərini bir müddət təxirə salmaq lazımdır. Düşünürəm ki, hər ehtimala payıza hazır olmalıyıq. Çünki payızda bir daha arta bilər”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
