“Bu qədər bəlamız varkən niyə müharibə filmlərimiz azdır?!” – Eminqueybackend

"Bu qədər bəlamız varkən niyə müharibə filmlərimiz azdır?!" - Eminquey

Və artıq ermənilər öz corab məğlubiyyətlərini tərs üzünə çevirib qəhrəmanlıq nümunəsi adı altında film düzəldiblər. Guyammış ki, bütün hadisələr Tavuşda baş verib. Guyammış ki, biz ATƏT-ə görk olsun deyə UAZ-la bunların ərazisinə keçmişik, duxumuz çatmayıb, geri qayıdanda da ölmüşük. Guyammış ki, təcavüzkar olan bizik, dinc əhaliyə güllə atan və susdurulan bizik və sairətən və ilaxıratan.

Birincidirmi? Xeyr!

Sizə nümunələr verirəm.

Youtube-da Arshak Zakaryan, Arthur Armenian, Ari Janessian, Khachakirner20 adlı kanalları izləyin.

2004-cü ildə Kanada Milli Film Şurası tərəfindən fransız dilində hazırlanan “My son Shall be Armenian” (Mənim oğlum erməni olacaq) filminə baxın.

2016-cı ildə çəkilən “The Promise” filmini izləyin.

2017-ci ildə çəkilən “Armenia, my love” filmini izləyin.

Bunlar dayanmırlar.

Öz məğlubiyyətlərini belə qələbə kimi dünyaya sırımaqda mahirdirlər.

Bir də ayıq olun, ətrafınızdakı adamları incələyin, ermənilərlə dost çıxa bilərlər. Şəxsən mən elə bir adamın erməni profilləri ilə dostluğunu görmüşəm ki, hələ də özümə gələ bilmirəm. Sizin üzdə tanıdığınız ermənipərəstləri demirəm.

TV-lərimiz nə etmək istəyir?

“Mahmud və Məryəm”in yeridir?

Niyə bu neçə gündə son döyüşlər haqqında iki-üç videoçarx hazırlayıb göstərmirlər?

Niyə əllərində olan efirdən təbliğat üçün istifadə etmirlər?

“Haber qlobal” kimi türk kanalları bizim başımıza gələnləri bizdən yaxşı analiz edir. Niyə?

Əlimizdə bu qədər bəla varkən niyə müharibə filmlərimiz azdır?

Niyə qazilərimizin, Qarabağ döyüşçülərimizin başlarına gələnləri filmə çevirmirlər?

Axı bu 30 ildə çox şey edilməli idi!

Axı bu 30 ildə sərsəm filmlərə xərclənən pullardan neçə-neçə müharibə filmi çəkmək olardı!

Axı Ədil Arifoğlunun kadrlarına baxanda Qarabağda döyüşən əsgərlərimizin üzündən vəhşilik, terrorçuluq yağmır. Axı o adamlar uşaq başı kəsənə, hamilə qadın zorlayana oxşamır.

Müharibə təkcə cəbhədəmi olur?!

Axı kifayət qədər aktyorumuz, rejissorumuz var.

Senarimiz də ki taleyimiz, başımıza gələnlər. Xammalımız boldur.

Dərd bizim deyilmi?

Allahaqqı, biz özümüz dünya boyda dərdik. “Fəryad”ımızdan mələklər diksinər, danışmağa bəs qədər “Yarımçıq xatirələr”imiz var, “Atılmamış güllələr”imiz qayıdıb özümüzə dəyir, “Arxada qalmış gələcək”ə baxıb köks ötürürük və gözlərimiz “Dolu”, “Haray”ımız ağrılı, “Yaddaş”ımız qan içində deyirik ki, bu “Dönüş” düşmənə xeyirli olmayacaq, “Girov” götürülmüş intiqam hissimizi azad edib, “Son nəfəsədək” döyüşüb, “Canavar balası”nın boğazını üzüb “Biz qayıdacağıq”.

Ağrılarından film düzəldə bilməyən, “Köhnə tüfəng”ə, “Pianoçu”ya, “Apokalipsis”ə, “Cəsur ürək”ə baxıb kədərlənən məsum xalqım…

Eminquey

Adalet.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*