Fars-molla rejiminin təşkil etdiyi aksiyada səsləndirilən “Qüdsə gedən yol Bakıdan keçir” şüarı birmənalı qarşılanmayıb və Azərbaycan cəmiyyətinin sərt reaksiyasına səbəb olub. Bir çoxları bunu Tehranın növbəti təxribatı kimi xarakterizə edərək müxtəlif şərhlər veriblər. Yəni molla düşüncəsi ilə Qüdsü azad etmək üçün öncə Bakını almaq lazımdır. Bəs görəsən ekspertlər “Qüdsə gedən yol Bakıdan keçir” şuarını necə xarakterizə edirlər? Bu şüarı ciddiyə almalıyıqmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, İranın molla rejimi “Qüdsə gedən yol Bakıdan keçir” şüarını səsləndirməklə bir növ Azərbaycana siyasi təzyiq göstərməyə çalışır: “İkincisi, bu, dini yox işğalçılıq şüarıdır. Yəni İran bu qədər güclüdür ki, Bakını işğal edəndən sonra Qüdsə keçsin? Başqa bir məna ondan ibarətdir ki, onlar öz aləmlərində İran-Azərbaycan birliyini məhv edə biləcəklərini, əvvəlcə Bakını, sonra isə Qüdsü alacaqlarını göstərməyə çalışırlar. Bu məsələlər nəinki başqa dövlətin daxili işinə qarışmaqdır, həmçinin BMT nizamnaməsinin 10 prinsipini pozmaq, digər ölkənin ərazisinə iddia irəli sürmək və işğalçılıq siyasətini bəyan etməkdir. Əslində bu şüar bir növ Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsidir. Mollalar öz aləmlərində bu müharibəni isti mərhələyə keçirməklə bağlı mesaj verirlər. Amma onların atdığı addım ağılsızlıqdır. Əgər İran bu qədər güclüdürsə, öncə Qüdsü azad etsin. Bizə də bunu göstərsin və daha sonra Bakı ilə bağlı fikirlərini irəli sürsün. Bu, tamamilə səviyyəsiz bir təxribatdır”.

Politoloqun sözlərinə görə, molla rejiminin səsləndirdiyi şüarı ciddiyə alıb-almamaq məsələsində fikirlər parçalanır: “Əslində bu şüar ciddiyə alınmalıdır. Çünki Azərbaycana qarşı ərazi iddiası irəli sürülüb. Başqa bir dövlətin ərazisini ələ keçirmək üçün Azərbaycan paytaxtını işğal etmək məsələsi gündəmə gətirilib. Əslində bu şüar bütün dünyanın İrana qarşı yeni sanksiya tətbiqini labüd edir. Həmçinin Azərbaycanın yanında olan dövlətləri yeni təxribata çəkir. Fars-molla rejimi bu cür səviyyəsiz bəyanatlar verirsə, onun həyata keçməsi üçün də çalışa bilər. Digər tərəfdən Azərbaycan İranın ölkəmizdəki casus şəbəkəsini çökdürmək üzrədir. Onlar bu şəbəkənin yaranması üçün böyük pullar xərcləyiblər. İndi həmin casus şəbəkəsi məhv olduqca, İranın uzun illər çəkdiyi zəhmət batır. Bir növ bunun hirsini mənasız şüarlar səsləndirməklə çıxmağa çalışırlar. Amma Azərbaycanın kifayət qədər peşəkar təhlükəsizlik orqanları var. Ona görə də, İran casuslarının üzə çıxarılması prosesi davam edəcək. Azərbaycan daha başqa addımlar atmaq iqtidarında olan bir dövlətdir”.
Cümşüd Nuriyev əlavə edib ki, bu cür ucuz və təxribatçı mesajlarla İran Azərbaycanı qorxuda və geri çəkə bilməz: “Üstəlik, Azərbaycan və İsrail arasında münasibətləri korlamaq da mümkün deyil. Eyni zamanda İran Ermənistanı dəstəkləməklə Fələstini “ağ günə” çıxarmayacaq. Fələstinin 1948-ci ildən bəri bir dövlət kimi formalaşmamasının ən böyük günahkarı məhz İrandır. Görünən odur ki, molla rejimi yenə də hər şeyi öz “üz-gözünə bulaşdırır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
