Türkiyədə dünyanın ilk hərbi PUA gəmisinin, “TCG Anadolu”nun xidmətə başlaması dünyanın diqqətini cəlb edib. Bir çox ekspertlər gəminin ordunun arsenalına daxil edilməsi ilə Türkiyənin mövcud donanma potensialını artıracağını, dənizlərdə aviasiya üstünlüyünü təmin edəcəyini açıqlayırlar. Bəzi analitiklər isə bunu qardaş ölkənin dünyaya növbəti mesajı kimi dəyərləndirirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə son illər dünya səviyyəsində müdafiə sənayesi məhsullarının istehsalında liderliyi ələ alıb: “Bu gün Azərbaycan da daxil olmaqla Türkiyənin bir çox dünya ölkələrinə ixrac etdiyi müdafiə sənayesi məhsulları kifayət qədər strateji əhəmiyyətə malikdir. Xüsusən, həm “Bayrakdar” şirkətinin, həm də Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin bu sahəyə etdiyi yatırımlar nəticəsində qardaş ölkə hərbi sənaye məhsulları baxımından dünyanın ən çox diqqət cəlb edən dövlətinə çevrilib. Pilotsuz uçuş aparatlarının uğurlu tətbiqindən sonra dünyada məşhurlaşması qardaş ölkənin imkanlarını xeyli genişləndirib. Bu gün rəsmi Ankara hərbi sənaye məhsulları sahəsində dünyanın öncül sıralarında yer alıb. Pilotsuz uçuş aparatları sahəsində böyük uğurlar qazanan Türkiyə indi bu sahə üzrə ixtisaslaşan ilk böyük hərbi gəmini də ordusunun arsenalına daxil edir”.

Politoloqun sözlərinə görə, atılan addım həm Türkiyənin özünün milli müdafiə qabiliyyətinin güclənməsini, həm də milli müdafiə sənayesi məhsulları sahəsində lider olmasını şərtləndirir: “Eyni zamanda qardaş ölkə bazarlarının belə alternativ bir sahədə dünyaya açılması baxımından geniş imkanlar yaradır. Hesab edirəm ki. Türkiyənin uğurları Azərbaycan üçün də böyük üstünlüklər qazandıracaq. Bu, iki ölkənin müdafiə qabiliyyətinin həddindən çox artdığını və hər keçən gün daha da inkişaf etdiyini dünyaya göstərir. Həmçinin Türkiyəyə və dolayısı ilə Azərbaycana yönələn təhdidlərin səngiməsinə səbəb olur”.

Mövzu ilə bağlı saytımıza danışan hərbi ekspert Tərlan Eyvazov Türkiyənin təkçə pilotsuz uçuş aparatları istehsal etməklə kifayətlənmədiyini deyib: “Göründüyü kimi ən böyük təyyarə olan “Akınçı” da qardaş ölkə tərəfindən dünyaya təqdim olundu. İndi isə ən böyük gəminin hərbi arsenala daxil edilməsi çox böyük hadisədir. Həm kəşfiyyat, həm də dəqiq zərbələrin endirilməsi baxımından Türkiyənin istehsal etdiyi hərbi məhsullar ön sıradadır. Düşünürəm ki, qardaş ölkənin hərbi arsenalında yer alan bu tip müasir texnikalar Azərbaycan ordusunda da tətbiq olunacaq”.

Hərbi ekspertin sözlərinə görə, ən böyük hərbi gəminin Türkiyə ordusunun arsenalında yer alması dünyaya bir mesajdır: “Hazırda Qara dənizdə ən böyük donanma Rusiyaya yox, Türkiyəyə məxsusdur. Bu, o deməkdir ki, Türkiyə təkcə quru qoşunlarında deyil, aviasiya və su qoşunlarında da çox güclüdür. Eyni zamanda Yunanıstanın rəsmi Ankaraya qarşı dənizdən təhlükə törətməsinin mümkünlüyünü nəzərə alsaq, üstəlik Afinanın aviasiyası ilə öyündüyünü düşünsək, o zaman Türkiyənin ən böyük silahlı pilotsuz uçuş aparatları gəmisini qardaş ölkəni təhdid edən bütün dövlətlərə qarşı mesaj kimi dəyərləndirilə bilərik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
