Anti-Rusiya koalisiyası tarixdə görünməmiş miqyas alıb və yuxarı-aşağı bütün dünya Rusiyaya qarşı birləşib, susqun qalanlar isə sadəcə öz təhlükəsizlik maraqlarından çıxış edir. Bir-iki dövləti çıxmaq şərti ilə demək olar ki, bütün Avropa ölkələri Ukraynaya hərbi yardım və Rusiyaya qarşı sanksiyaları dəstəklədiklərini açıqlayıb. 1815-ci ildən bəri İsveçrə ilk dəfə olaraq əbədi bitərəflik statusundan imtina edərək anti-Rusiya sanksiyalarına qoşulub. Uzaq Şərqdə Yaponiya belə Ukraynaya maddi dəstək verir.
Bir neçə gün əvvəl Rusiya “Bizim Çin kimi müttəfiqimiz var” desə də, Çin bunu inkar etdi və dünəndən Çinin dövlət TV-ləri Rusiyanı aqressor kimi təqdim etməyə başlayıb, Çin bankları ABŞ-ın müəyyən etdiyi sanksiya rejimlərinə hörmətlə yanaşacaqlarını, Rusiyadan xammal alışına qoyulan qadağalara riayət olunacağını bəyan ediblər.
Bu günədək Ukraynanı 500 min insan tərk edib və Almaniya bütün ukraynalılara sığınacaq hüququ tanıyıb.
Britaniya isə Rusiyanın SWIFT-dən qismən yox, tamamilə çıxarılmasına təkid edir. Artıq Krallıqda rus oliqarxların mülkləri müsadirə olunur, hesablara həbs qoyulur, Rusiya bayrağı altında üzən gəmilər limanlara buraxılmır, sanksiyaya düşən gəmilərə Avropa dövlətləri öz ərazi sularında həbs qoyur.
Daha Rusiya Avropanı qaz böhranı ilə hədələmir. Çünki alternativlərin olduğunu anlayır və bu şantajın işləməyəcəyinin fərqindədir. Həm də özünün son nəfəsliyini bağlamaq istəmir.
Böyük neft-qaz şirkətləri, avtomobil istehsalçıları, banklar, transmilli korporasiyalar, aviadaşıyıcılar bir-birinin ardınca Rusiyadan çıxır, investisiyaları geri çəkir, Rus şirkətlərinin birgə layihələrdə iştirakından imtina edir və ya Rusiyada istehsalı dayandırırlar.
Rusiya Mərkəzi Bankının strateji valyuta ehtiyatları tamamilə dondurulub, xəzinədə olan likvid valyuta sürətlə “əriyir”. Qızıl rezervlərini satması isə praktiki olaraq müşkülə çevrilib. Çünki rusdan qızılı alacaq dövlət özü sanksiya altına düşəcək.
FIFA və UEFA Rusiya klublarını və Rusya Milli Komandasını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.Bu gün Avropa İttifaqı Ukraynanın ekspress rejimdə təşkilata üzvlüyü məsələsinə baxacaq. Çox güman ki, tarixdə ilk dəfə Ukrayna belə tezliklə Aİ üzvünə çevriləcək.Rusiya Ukraynanın hər qarışına nəzarət etsə belə, Ukraynanın suverenlik hüquqna və Xalqının azadlıq ruhuna əsla hakim ola bilməyəcək!
Əli Məhərrəmli
KONKRET.az
