Azərbaycana inanılmaz Zəfər yaşadan böyük Vətən övladının – Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 59 yaşı tamam olur.
Onun bəxt kitabı əvvəldən gözəl yazılıb. 1961-ci il dekabrın 24-də görkəmli dövlət xadimi Heydər Əliyevlə tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın ailə ocağında dünyaya gəlib. O zaman, əlbəttə, heç kim təxmin edə bilməzdi ki, hadisələr necə inkişaf edəcək, ölkə və dünya dəyişəcək, hansı uğurlar və itkilər baş verəcək, Heydər Əliyev iki fərqli Azərbaycana rəhbər gələcək, məhz onun oğlu atasının xilaskarlıq missiyasını şərəflə davam etdirərək, XXI əsrin 20-ci ilində torpaqlarımızın erməni işğalından azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacaq və ümumxalq sevgisi qazanacaq.
44 günlük Vətən müharibəsi zamanı sanki xalqımız və bütün dünya siyasətçi, dövlət xadimi və şəxsiyyət kimi onu yenidən kəşf etdi. Çünki ölkəyə başçılıq etdiyi 17 il ərzində mənfur düşmənlə apardığı danışıqların bütün yükünü təkbaşına çiyinlərində daşımasından yalnız dar çevrənin xəbəri vardı. Təkcə son 10 ildə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələyə müdaxiləsi yükü yüngülləşdirməklə yanaşı, Azərbaycan rəhbərinə qardaş dəstəyinin yaxında olduğunu hiss etdirmişdi.
44 gün ərzində dəmir məntiqə və dəmir yumruğa malik olduğunu nümayiş etdirən milli Liderimiz öz xalqının ədalətli və haqlı mövqeyini çatdırmaq üçün danışıqlar, müsahibələr və müraciətlər vasitəsilə dünyanın qapanmış gözlərini açmağa çalışdı. Bu mərhələdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün dünyanın gündəminə çevrildi. Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi hər kəsin gözünün içinə dimdik baxaraq anladırdı, xəbis niyyətli qüvvələrə “Yetər!” deməyin vaxtının gəldiyini, azğın işğalçıya dözməyin artıq qeyri-mümkün olduğunu hər kəsin nəzərinə çatdırırdı. Səmimiyyətlə. Açıqcasına.
Xalqa müraciətlərində o qədər doğmalıq hiss olunurdu ki, sosial media şəbəkələri uşaqların və ahılların onu televiziya ekranlarından öpdükləri şəkillərlə aşıb-daşırdı. Onun düşmənin ünvanına istifadə etdiyi kəlmələr, milli maraqlarımıza, insani dəyərlərə sadiqliyi, təzyiqlər qarşısında geri çəkilməməyi, hazırcavablığı, alicənablığı xalqın ürəyini dağa döndərirdi.
Çalınan hər növbəti qələbəyə görə qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq, şəhidlərimizə görə üzüntü ifadə etməsi, yumruğunu düyünləyərək çıxışını “Qarabağ Azərbaycandır!” kəlməsilə yekunlaşdırması cəbhədəki qəhrəman hərbçilərimizi daha da ruhlandırırdı. Məhz qətiyyətli sərkərdənin orduya rəhbərlik etməsi alınmaz qala sayılan Şuşanın erməni işğalçılarından azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatın tariximizə baş hərflərlə yazılmasına səbəb oldu.
Şuşanın azad olunması və Ermənistanın kapiyulyasiyaya uğrayaraq sülhə razılaşması kimi xoş xəbərləri paylaşmaq üçün küçələrə və meydanlara axışan vətəndaşlarımızın İlham Əliyevin portretlərini avtomobillərin önünə çıxarmaları, bağırlarına basmaları, əllərində tutmaları hansısa göstərişlə baş vermirdi. Bu, Qarabağı azad etməklə qürurumuzu və heysiyyatımızı özünə qaytaran, millətimizin alnını açıq, üzünü ağ edən fateh sərkərdəyə xalq sevgisinin ifadəsi idi. Belə anı görmək hər siyasətçiyə, dövlət başçısına və ali baş komandana nəsib olmur. İlham Əliyev bu nailiyyəti 17 illik gərgin fəaliyyəti, siyasi iradəsi, qətiyyəti, təmkini və Vətənə böyük sevgisi ilə qazandı.
O, indi də qalib dövlətin başçısı və sərkərdəsi kimi gündəmdədir. Rusiyanın “Коммерсантъ” qəzetinin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında İlham Əliyevin çıxışı haqda şərhi bunu deməyə əsas verir.
“MDB sammitində benefisi baş tutan Bakı emissarı” başlıqlı məqaləsində Aleksey Kolesnikov yazır: “İlham Əliyev rahat və əminliklə danışırdı, artıq bir kəlmə də yox idi, fikirləri dəqiq idi və şübhəsiz, Azərbaycan pilotsuz uçuş aparatlarının erməni tanklarını vurduğu kimi hədəfə dəqiq dəyirdi. Qarşımızda Azərbaycan xalqının lideri durmuşdu ki, beləsi bəlkə də bu xalqın tarixində heç olmayıb. Hər halda xalq indi buna əmindir”, – deyə xüsusi müxbir yazır.
Müəllif qeyd edir ki, sammitdə çıxışı zamanı heç kim İlham Əliyevin sözünü kəsmirdi. “Məncə, hamıya hətta çox maraqlı idi. Güman ki, onların hər biri iddialarından asılı olaraq özünü gah Nikol Paşinyanın, gah da İlham Əliyevin yerində görürdü”.
Azərbaycanın dövlət başçısının məglub tərəfi tapdalamaması, əksinə, müdafiə etməsi kimi nəcib xüsusiyyətini və sammitdə baş verən digər hadisələrin heç bir əhəmiyyət kəsb etmədiyini qabartmaqla müəllif həm də İlham Əliyevin mənəvi dəyərlərə hörmət edən böyük şəxsiyyət olduğunu nəzərə çatdırıb.
Qələbəyə aparan şərəfli yola çıxmaqdan öncə isə Azərbaycan Prezidenti çoxsaylı məsələləri həll etmişdi. Dünya miqyasında Azərbaycanın sülhpərvər, multikultural, tolerant dövlət imicinə malik olduğunu, qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etdiyini, beynəlxalq hüquqa hörmətlə yanaşdığını, ədalətə üstünlük verdiyini yürütdüyü siyasətlə sübut etmişdi. Bu siyasi kursun və hücum diplomatiyasının sayəsində beynəlxalq təşkilatlar Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması faktını öz qərarları ilə təsdiqləyirdilər.
İlham Əliyevin müdrik siyasi gedişləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinə və erməni işğalına dini rəng verilməsinin qarşısı alındı. Azərbaycanın dünyəvi dövlət kimi dost İsraillə strateji tərəfdaş olması, xristian ölkələrlə ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri qurması “ilk xristian xalq” adına maymaqcasına iddia edən ermənilərin və ermənipərəst havadarların ağlasığmaz planlarını alt-üst etdi. Dövlətimizin diaspor siyasətinin düzgün aparılması, dünyanın ən güclü lobbisi olan yəhudi lobbisi ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, türk diasporu ilə birgə hərəkətə keçilməsi Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinin Türkiyə və Pakistanla yanaşı İsrail, İtaliya, Ukrayna, Gürcüstan, Litva, Latviya, Estoniya və digər ölkələr tərəfindən dəstəklənməsinə səbəb oldu.
Qoşulmama Hərəkatına üzv olmaq isə Azərbaycan Prezidentinin siyasi prosesləri öncədən gördüyünü sübut etdi. Məhz bu təşkilatın üzvlərinin etirazı sayəsində BMT-nin Təhlükəsizlik Şurasının 19 oktyabr 2020-ci il tarixli iclasında Azərbaycanın əleyhinə yeni qətnamənin qəbul etdirilməsi cəhdi iflasa uğradı.
Ölkədaxili siyasətdə mühüm addımlar atıldı. Hakimiyyət daxilində parçalanmalara, intriqalara meylli, başqa dövlətlərin maraqlarını milli maraqlarımızdan üstün tutan qüvvələr vəzifələrindən kənarlaşdırıldılar. Vətəndaş cəmiyyətində həmrəyliyin və birliyin yaranması üçün siyasi partiyalarla və qeyri-hökumət təşkilatları ilə dialoqa başlanıldı. 12 iyul Tovuz hadisələri bütün siyasi qüvvələrə dövlət müstəqilliyinə təhlükənin yarandığı barədə siqnal oldu. Doğrudur, bəzi müxalif qüvvələr payızda ölkədə durumun gərginləşəcəyi, insanların etiraz məqsədilə küçələrə və meydanlara axışacağı proqnozları versələr də, proseslər əksinə inkişaf etdi. Yalnız bir məsələdə onlar haqlı çıxdılar. İnsan seli həqiqətən bütün ölkə üzrə küçə və meydanları bürüdü. Amma etiraz etmək üçün deyil, Qələbənin sevincini bölüşmək, yaşamaq, xalqımıza gözaydınlığı vermək üçün. Xalqımız və siyasi qüvvələr müharibə dönəmində görünməmiş birlik və yekdillik nümayiş etdirdi. Və bu birliyə Prezident İlham Əliyev öz son dərəcə düşünülmüş müdrik gedişləri ilə nail oldu.
Həmin birlik müharibənin sonunda İlham Əliyevin milli maraqlar ətrafında birləşmiş müxalifət qüvvələrinə təşəkkür etməsi, siyasi partiyaların dövlət qeydiyyatına alınması, ofislərlə təmin olunması, Tovuz hadisələri zamanı həbs edilən müxalifət funksionerlərinin və fəallarının azadlığa buraxılması ilə daha da güclənir. İlham Əliyevin göstərişinə əsasən, Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya sədrləri ilə mütəmadi görüşlər keçirir, onlarla ictimai-siyasi məsələlər barədə fikir mübadiləsi aparır, milli birliyə töhfələr verdiklərinə və rəhbərlik etdikləri təşkilatların dövlət qeydiyyatına alınmasına görə dövlət başçısının minnətdarlığını və təbriklərini onlara çatdırır. Hakimiyyətlə müxalifət arasında bu cür sivil münasibətlərin yaranması çox sevindirici və təqdirəlayiqdir.
Bir sözlə, İlham Əliyev ölkəmizin siyasi, diplomatiya, iqtisadi, hərbi və informasiya sahələrində üstünlüklərini təmin edəndən sonra beynəlxalq hüquqa uyğun olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin geniş miqyaslı hücum cəhdinə Silahlı Qüvvələrimiz tərəfindən əkc-hücumla cavab verilməsini əmr etdi. Ali Baş Komandanın ölkədə hərbi vəziyyət elan etməsi xalqımız tərəfindən anlaşıqlı razılıqla qarşılandı və hər kəs qələbə naminə səfərbər oldu.
Hazırda ölkəmizi və xalqımızı ermənilərin qorxunc xarabalığa çevirdikləri Qarabağımızda sülhün tam bərqərar olması, infrastrukturun yenidən qurulması, məcburi köçkün statusundan qurtulan soydaşlarımızın öz doğma torpaqlarına geri qayıtmaları kimi mürəkkəb və uzunmüddətli proses gözləyir. Amma xalqımız əmindir ki, dövlətimizin gücü ilə bu problemləri də arxada qoyacağıq.
Çünki müstəqil Azərbaycan dövlətinə canı və qanı ilə bağlı olan, Heydər Əliyevin liderlik məktəbini keçən, onun siyasi kursunu və neft strategiyasını uğurla davam etdirən, geosiyasi aspektləri dərindən bilən, ölkəmizi Cənubi Qafqaz regionunun öncülünə çevirən Prezidentimiz var.
Yeri gəlmişkən, Qələbəyə qədər İlham Əliyev hər il özəl gününü məcburi köçkünlərlə bağlı tədbirlərdə iştirak etməklə keçirirdi. Artıq o günlər geridə qaldı.
Builki doğum günü ərəfəsində Prezident azadlığına qovuşmuş Qubadlıya səfər edərək, əsgərlərimizlə görüşdü. İnanırıq ki, növbəti doğum günlərini Azərbaycan Prezidenti, Ali Baş Komandan azad olunmuş və yenidən qurulmuş, abadlaşdırılmış Qarabağımızın hər bir güşəsində – gözəl Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda və Füzulidə, daha sonra Xankəndidə, Xocalıda, Xocavənddə qarabağlılarla birlikdə keçirəcək. Mütləq belə olacaq!
Xatirə SADİQ,
KONKRET.az
P.S. KONKRET.az saytının kollektivi doğum günü münasibətilə Prezidentimizi ürəkdən təbrik edir! Qələbə sevincini bizə yaşatdığına görə bir daha ona minnətdarlığımızı bildirir, Vətənimizin gələcəyi ilə bağlı planlaşdırdığı və həyata keçirəcəyi işlərdə böyük uğurlar arzulayırıq!