Deputatlar üçün yeni tələb gündəmdə: Hər ay seçicilərlə görüş məcburi olacaq?backend

Deputatlar üçün yeni tələb gündəmdə: Hər ay seçicilərlə görüş məcburi olacaq?

Milli Məclis deputatlarının seçicilərlə əlaqələrinin daha da gücləndirilməsi, vətəndaş müraciətlərinin operativ dinlənilməsi və görülən işlər barədə ictimai hesabatlılığın artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu fonda deputatların hər ay müntəzəm olaraq seçicilərlə görüş keçirməsinin zəruriliyi və belə bir praktikanın qanunvericilik və ictimai nəzarət baxımından mümkünlüyü diqqət çəkir.

Bəs deputatların hər ay seçicilərlə görüş keçirməsi məcburi xarakter ala bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, deputatların seçicilərlə müntəzəm görüş keçirməsi zəruridir.

Akif Nağı: "Azərbaycanda heç bir partiya bizimlə müqayisə oluna bilməz"

Onun sözlərinə görə, mətbuatda vaxtaşırı bəzi deputatların seçicilərlə görüşləri barədə məlumatlar yayımlanır. Lakin bu görüşlərdə əsas diqqətin görülən işlər barədə hesabat verməkdən çox vətəndaşların şikayətlərinin dinlənilməsinə yönəldiyi müşahidə edilir.

“İnsanların şikayətləri həddindən artıq çoxdur. Bunun əsas səbəbi yerli məmurların öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməməsidir. Nəticədə insanlar problemlərinin həlli üçün daha çox deputatlara və hətta Prezidentə üz tuturlar. Təəssüf ki, mövcud sistem tam səmərəli işləmir, yerli səviyyədə problemlər vaxtında həll olunmur”, – deyə A.Nağı vurğulayıb.

Partiya sədri hesab edir ki, deputatların seçicilərlə görüşləri müəyyən qaydalar çərçivəsində sistemləşdirilməlidir. Onun fikrincə, bu məsələ təkcə ayrı-ayrı deputatların təşəbbüsü ilə deyil, ümumi bir tələb kimi tətbiq edilməlidir.

“Deputatlar ayda və ya rübdə bir dəfə hesabat təqdim etməlidirlər. Hansı ərazilərdə görüş keçirdiklərini, hansı problemləri dinlədiklərini və onların həlli istiqamətində hansı addımları atdıqlarını ictimaiyyətə açıqlamalıdırlar”, – deyə o, bildirib.

Akif Nağı qeyd edib ki, Azərbaycan deputatlarının fəaliyyəti yalnız qanunvericilik işi ilə məhdudlaşmır.

“Deputatlar parlamentdə qanunların qəbulunda, komitələrin iclaslarında iştirak etməklə yanaşı, seçicilərinin problemlərinin həllinə də dəstək verməlidirlər. Dünya təcrübəsində millət vəkillərinin əsas fəaliyyəti
qanunvericilik üzərində qurulsa da, Azərbaycanda vətəndaş problemlərinin çoxluğu deputatların bu istiqamətdə də fəal olmasını zəruri edir”.

A.Nağı sonda vurğulayıb ki, deputatların hər ay keçirilən qəbul günlərinə ciddi əməl olunmalı, bu görüşlər formal xarakter daşımamalıdır.

“Sadəcə vətəndaşları qəbul edib vədlər verməklə iş bitmir. Deputatlar konkret olaraq hansı problemlərin həllinə nail olduqlarını, hansı nəticələr əldə etdiklərini də cəmiyyətə açıqlamalıdırlar”, – deyə AVP sədri fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*