“Dərin güc”lərin savaşı: Çin çökdürülür, online satış platformalarının və sosial şəbəkələrin dövrü bitir…backend

"Dərin güc"lərin savaşı: Çin çökdürülür, online satış platformalarının və sosial şəbəkələrin dövrü bitir...

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Prezident Donald Trampın öz postunu qoruya biləcəyi təqdirdə, əsas hədəflərin sırasına nəhəng texnologiya şirkətlərinin, media quruluşlarının və bəzi internet resurslarının da əlavə ediləcəyi gözlənilir…

Dünya düzəninin yenilənəcəyi ilə bağlı iddialar hazırda əsas müzakirə mövzuları sırasında ön plana çıxmış kimi görünür. İndi hər kəs yeni dünyanın necə olacağını təsəvvür etməyə çalışır.

Əlbəttə ki, bu, təəccüblü deyil. Çünki hər kəs eyni “gəmi”dədir. Ona görə də əksər insanların ümumi “gəmi”nin yeniləndikdən sonra hansı üstünlüklərinin və ya çatışmazlıqlarının ola biləcəyi ilə maraqlanması tamamilə normal haldır. Eyni zamanda, “gəminin üzəcəyi okean və tutacağı istiqamət” də böyük önəm daşıyır.

Təbii ki, bundan narahatlıq keçirənlər də, dünyanın yenidən dizayn edilməsinin vacibliyinə əmin olanlar da kifayət qədərdir. Bəziləri yeni dünyanın bəşəriyyət üçün daha qeyri-məqbul həyat şərtləri vəd etdiyini düşünürlər.

Onların fikrincə, “yeni dünya gəmisi” nə qədər cəlbedici şəkildə dizayn edilsə belə, onun “Titanik”in taleyini yaşama ehtimalı nəzərdən qaçırılmamalıdır. Bu ehtimala müxalif olanlar isə elə məhz indiki dünya düzəninin mövcud durumunu “Titanik”in taleyinə doğru irəliləyiş kimi təqdim edirlər. Və yeni dünya düzənindən daha çox ədalət gözlədiklərini qabardırlar.

 

Ağ Evin son davranışlarına diqqət etdikdə, ABŞ-ın məhz Çini bir dövlət kimi, dünya xəritəsindən silməyi hədəflədiyi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür…

 

Amma bir də hazırda dünyada baş verənləri “dərin güclərin hesablaşması”nın nəticəsi kimi təqdim edirlər var. Onların fikrincə, “dərin hesablaşmalar”ın nəticələri hec vaxt bəşəriyyətə faydalı olmayıb. Və bu dəfə də olmayacaq.

Diqqət etdikdə sonuncu yanaşma variantının daha praqmatik olduğunu düşünmək olar. Hər halda, dünyada cərəyan edən son proseslərin istiqamətləri buna əminlik yaradır.

Məsələ ondadır ki, epidemiyanın yayılmasından sonra ABŞ-Çin münasibətləri daha da gərginləşməkdə davam edir. Ağ Ev Çinə qarşı genişmiqyaslı siyasi-psixoloji hücuma keçib. Çin bəşəriyyəti fəlakətə sürükləməkdə, dünya iqtisadiyyatının çöküşünə səbəb olmaqda suçlanır.

Tramp administrasiyası Çinin beynəlxalq məhkəməyə verilməsi və dünya iqtisadiyyatına vurduğu ziyana görə 5 trilyon dollara yaxın məbləğdə təzminat ödəməsi üçün ciddi hazırlıq içərisindədir. Əgər, buna nail olunarsa, Çin indiki inkişaf səviyyəsi ilə vidalaşıb, dünyanın səfalət içərisində olan dövlətlərindən birinə çevrilə bilər. Və hətta bu halda, Çinin parçalanması, əvəzində bir neçə dövlətin yarana biləcəyi də istisna deyil.

Ağ Evin son davranışlarına diqqət etdikdə, ABŞ-ın məhz elə Çini bir dövlət kimi, dünya xəritəsindən silməyi hədəflədiyi ilə bağlı ehtimallar kifayət qədər inandırıcı görünür.

 

İddialara görə, həm Çin, həm də Ümumdünya Səhiyyə Təşkilatı Tramp administrasiyasının arxasında olan “dərin güc”ün rəqiblərinin himayəsi altındadır…

 

Amma hədəfdə yalnız Çin deyil, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Ağ Evin qəzəbinə tuş gəlib. Belə ki, bu təşkilat Çinə epidemiyanın yayılmasını dünyadan gizlətməyə yardım etməkdə suçlanır. Və bu ittihamda həqiqət payı da olmamış deyil. Hər halda, Çində epidemiyanın yeni başlandığı dövrdə ÜST virusun dünyaya yayılma təhlükəsinin olmadığını bəyanlamışdı.

Amma Ağ Evin Çinə və ÜST-ə yönəlmiş qəzəbinin bir də səhnəarxası səbəbləri var. Belə ki, iddialara görə, həm Çin, həm də ÜST Tramp administrasiyasının arxasında olan “dərin güc”ün rəqiblərinin himayəsi altındadır.

Əslində, bu “dərin güclər”in savaşı dünyanın yenidən dizayn edilməsində əsas müəyyənləşdirici faktor hesab olunur. Çünki bu savaş yeni başlamayıb. Həmişə mövcud olub. Sadəcə, indi həlledici mərhələyə keçib.

Keçmiş SSRİ-nin dağılmasından sonra Çin gələcək taleyi müəmmalı olan dövlət hesab edilirdi. Ancaq Çin nəinki çökmədi, əksinə sürətli iqtisadi inkişaf sayəsində dünyanın yeni supergücü olmaq iddiasına düşdü. Hətta bəzi ehtimallara görə, Çinin 2030-cu ilə qədər dünyanın şəriksiz hegemon dövləti ola biləcəyi istisna deyildi.

 

ABŞ-da bir-biriylə savaşan “dərin güclər”dən biri dağılmış SSRİ-dən boşalan yerə məhz Çini yerləşdirməyə çalışırdı…

 

Məsələ ondadır ki, ABŞ-da bir-biriylə savaşan “dərin güclər”dən biri dağılmış SSRİ-dən boşalan yerə məhz Çini yerləşdirməyə çalışırdı. Bu, reallaşacağı təqdirdə, dünyanın idarə olunması tək bir mərkəzdə – öz maliyyə-iqtisadi dəstəyi ilə Çini ön plana çıxaran “dərin güc”ün əlində cəmləşəcəkdi.

Yəni dünyanı Çin, Çini də səhnə arxasından onlar idarə edəcəkdi. Və bu hədəfə çox yaxınlaşsalar da, Donald Trampı hakimiyyətə gətirənlər buna müqavimət resursları tapa bildilər.

İddialara görə, hazırda məhz epidemiyanın yayılmasıyla, Çinin dünya supergücü olmaq şansını məhdudlaşdırmağa çalışırlar. Və Çinlə yanaşı, rəqib “dərin güc”ün himayəsində olanların hamısı hədəfə alınıb.

Maraqlıdır ki, Böyük Britaniya da hazırda ciddi təzyiqlər altındadır. Çünki Çinə investisiya yatırımlarının əsasən bu ölkə üzərindən edildiyi iddia olunur. Çin mənşəli bütün milyarderlərin Londondan himayə edildiyi bildirilir. Və son baş verənlərə əsasən, çinli milyarderlərin xilas üçün güvəndikləri ingilis himayədarların onlara dəstəyinin yetərli olmaya biləcəyini də düşünmək mümkündür.

 

İndi rəsmi Londonun qarşısında dayanan əsas problem Böyük Britaniyanın Çinlə münasibətlərinin məhdudlaşdırılması tələblərinə verilə biləcək ən doğru cavabın tapılmasıdır…