“Qurban bayramı yaxınlaşdıqca Azərbaycanda bazarlarda müəyyən məhsullar üzrə qiymət artımı gözlənilir. Xüsusilə, ət və qurbanlıq heyvan bazarında tələbatın yüksəlməsi ənənəvi olaraq bahalaşmaya təsir edir. Bazar iştirakçıları bildirirlər ki, bayram ərəfəsində qoyun və dana ətində, həmçinin diri heyvanların satış qiymətlərində artım müşahidə edilir. Bu il də ətin kiloqramında orta hesabla 1-2 manat artım olacağını proqnozlaşdırılır”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Qiymət artımının əsas səbəbi tələbin qısa müddətdə kəskin yüksəlməsidir. Qurban kəsmək istəyən insanların sayının artması xüsusilə xırdabuynuzlu heyvanlara tələbatı artırır və bu da bazarda qiymətlərin yuxarı qalxmasına təsir edir. Bununla yanaşı, yem məhsullarının bahalaşması, örüş sahələrinin azalması və heyvandarlıq xərclərinin artması da ümumi qiymətlərə təsir edən əsas amillərdən sayılır”.
Ekspert qeyd edir ki, təkcə ət deyil, yem məhsulları, heyvandarlıq avadanlıqları və bəzi gündəlik ərzaqlarda da qısamüddətli bahalaşma ehtimalı var.
“Çünki bayram dövründə bazarlarda ümumi alıcılıq aktivliyi yüksəlir. Xüsusilə düyü, yağ, tərəvəz, ədviyyat və çörək məhsulları kimi gündəlik istehlak mallarında müəyyən qiymət dəyişiklikləri müşahidə ediləcək. Lakin bu artım adətən ət bazarındakı qədər kəskin olmur.
Azərbaycanda qiymətlər əsasən tələb və təklif əsasında formalaşır. Bayram günlərində tələbat yüksəldiyi üçün satıcılar qiymətləri artırmağa meylli olurlar. Dövlət qurumları isə adətən bu dövrdə monitorinqlər apararaq əsassız və həddindən artıq bahalaşmanın qarşısını almağa çalışırlar”.
A.Nəsirli vurğulayır ki, ən vacib məqamlardan biri isə odur ki, son illərdə qiymətlər bayramdan sonra əvvəlki səviyyəyə tam qayıtmır.
“Bu səbəbdən Qurban bayramı dövründə yaranan bahalaşma bəzi hallarda ümumi inflyasiya prosesini də sürətləndirəcək. Buna görə yaxın həftələrdə xüsusilə ət və heyvandarlıq məhsulları bazarında qiymətlərin bir qədər yüksəlməsi real görünür”.
Aynurə İsmayıl
KONKRET.az
