Azərbaycanda hərbi xidmət müddəti ilə bağlı müzakirələr cəmiyyətdə daim diqqət mərkəzində olan mövzulardan biridir. Xüsusilə, ali təhsilli şəxslər üçün xidmət müddətinin daha da qısaldılması ilə bağlı zaman-zaman müxtəlif təkliflər irəli sürülür. Bu isə həm gənclər, həm də ekspertlər arasında fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur. Mövcud təhlükəsizlik şəraiti, ordunun kadr tələbatı və regional proseslər fonunda bu məsələnin aktuallığı daha da artır.
Bəs ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin 6 aya endirilməsi nə dərəcədə məqsədəuyğun hesab oluna bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qüvvədə olan qaydalara əsasən ali təhsilli şəxslər artıq digər çağırışçılarla müqayisədə daha qısa müddət – 6 ay az xidmət keçirlər.

“Xüsusi nailiyyətləri olan ali təhsillilər isə əsasən Bakıda yerləşən intellektual bölmələrdə xidmətə cəlb edilirlər ki, bu da onların bilik və bacarıqlarından daha səmərəli istifadə olunmasına imkan yaradır. Hazırkı şəraitdə xidmət müddətinin 6 aya qədər endirilməsi nə qanunvericilik səviyyəsində, nə də dövlət qurumlarında müzakirə olunur. Bəzi mütəxəssislər tərəfindən zaman-zaman belə ideyalar irəli sürülür. Bu kimi təkliflər cəmiyyət üçün cəlbedici səslənsə də, reallıqda onların tətbiqi üçün ciddi əsaslar tələb olunur”.
Ə.Verdiyev qeyd edib ki, Azərbaycan ordusunda ali təhsilli kadrlara ehtiyac mövcuddur və bu faktor xidmət müddətinin daha da azaldılmasını aktuallaşdırmır.
“Belə dəyişikliklərin gündəmə gəlməsi üçün regionda təhlükəsizlik mühitinin sabitləşməsi mühüm şərtdir. Ətraf regionlarda – həm şimalda, həm cənubda, həm də Yaxın Şərqdə davam edən münaqişələr başa çatmalı, Ermənistanla sülh sazişi imzalanmalıdır. Bundan sonra regional təhlükəsizlik arxitekturasına yenidən baxmaq mümkün ola bilər”.
Ekspert əlavə edib ki, yalnız aidiyyəti qurumlar tərəfindən Silahlı Qüvvələrin komplektləşdirilməsi və döyüş qabiliyyətinə təsirlə bağlı əsaslandırılmış təkliflər təqdim olunarsa, bu məsələ gələcəkdə müzakirəyə çıxarıla bilər. Beləliklə, hazırkı mərhələdə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin 6 aya endirilməsi nə gündəmdədir, nə də buna real ehtiyac olduğu bildirilir.
Aynurə İsmayıl
KONKRET.az
