Son günlər Azərbaycanda hərbi təlim toplanışları ilə bağlı müzakirələr xeyli intensivləşib. Sosial şəbəkələrdə və ictimai müstəvidə xüsusilə bu prosesə kimlərin cəlb olunduğu, əsas götürülən meyarlar və çağırışlardan kənarda qalan şəxslərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Məsələ həm hüquqi, həm də sosial baxımdan diqqət mərkəzinə çevrilib.
Bəs, hərbi təlim toplanışlarına konkret olaraq kimlər çağırılır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, təlim toplanışlarına əsasən ehtiyatda olan hərbi vəzifəlilər – yəni artıq müddətli həqiqi hərbi xidmət keçmiş, lakin ehtiyatda saxlanılan vətəndaşlar çağırılır.

“Bu proses Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması, şəxsi heyətin bilik və bacarıqlarının yenilənməsi məqsədi daşıyır. Çağırış zamanı vətəndaşların yaşı, hərbi ixtisası, sağlamlıq vəziyyəti və əvvəlki xidmət təcrübəsi nəzərə alınır. Müəyyən kateqoriyadan olan şəxslər – səhhətində ciddi problemlər olanlar, bəzi ailə vəziyyəti ilə bağlı güzəşt hüququna malik vətəndaşlar və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar üzrə şəxslər isə təlimlərdən azad edilə bilər”.
Ədalət Verdiyev vurğulayıb ki, təlim və toplanışlardan yayınmaq qanunvericiliyə görə məsuliyyət yaradır.
“Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə görə, çağırış üzrə üzrlü səbəb olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməyən vətəndaşlar 300 manatdan 500 manatadək məbləğdə cərimələnir və ya 160 saatdan 240 saatadək ictimai iş görmək məcburiyyətində qalırlar.
Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə, qanuni əsas olmadan hərbi xidmətdən, o cümlədən toplanışlardan yayınan şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Eyni əməl müharibə dövründə törədildikdə isə cəza daha da sərtləşdirilərək üç ildən altı ilədək həbs nəzərdə tutulur. Qanunvericiliyə əsasən, “çağırışdan boyun qaçırma” anlayışına vətəndaşların üzrlü səbəb göstərmədən tibbi müayinəyə, hərbi xidmətə, təlim toplanışlarına və ya səfərbərlik çağırışına gəlməməsi daxildir”.
Beləliklə, hərbi təlim toplanışları əsasən ehtiyatdakı vətəndaşları əhatə edir və bu prosesdən yayınma halları həm inzibati, həm də cinayət məsuliyyəti yaradır.
Aynurə İsmayıl
KONKRET.az
