Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Sumqayıt təhsil potensialı baxımından da diqqət çəkir. Şəhərin coğrafi mövqeyi və ali təhsil müəssisələri üçün əlverişli imkanları fonunda Sumqayıtın gələcəkdə tələbə şəhərciyi modelinə çevrilməsi müzakirə olunur.
Bəs Sumqayıtı Azərbaycanın yeni tələbə şəhərinə çevirmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Sumqayıtın tələbə şəhərinə çevrilməsi üçün real imkanlar mövcuddur:

“Xüsusilə də Sumqayıtın sənaye şəhəri kimi formalaşması mühəndisyönümlü ixtisasların bu şəhərə köçürülməsini çox yaxşı addıma çevirə bilər. Məsələn, Türkiyədə Eskişehir buna uğurlu nümunədir. Həmin şəhər demək olar ki, tələbə şəhərciyi hesab edilir. Bizdə də universitetlərin bir qismini Sumqayıta köçürərək şəhəri tələbə mərkəzi kimi formalaşdırmaq mümkündür”.
Ekspertin sözlərinə görə, şəhərin sənaye infrastrukturu tələbələrin praktiki bilik qazanmasına da geniş imkan yaradar:
“Bir çox mühəndislik ixtisasları üzrə tələbələrin təcrübə proqramlarında iştirakı daha rahat təşkil oluna bilər. Çünki Sumqayıtda zavodlar, fabriklər və sənaye müəssisələri fəaliyyət göstərir. Bu da tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsinə müsbət təsir göstərər.
Texniki, memarlıq və inşaat yönümlü universitetlərin, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali təhsil müəssisələrinin müəyyən fakültələrinin Sumqayıtda yerləşməsi həm şəhərin inkişafına, həm də təhsil-sənaye əməkdaşlığının güclənməsinə səbəb olar”.
Ekspert hesab edir ki, belə bir model gələcəkdə Sumqayıtın yalnız sənaye deyil, həm də elm və innovasiya mərkəzi kimi formalaşmasına şərait yaradacaq
Aynurə İsmayıl
KONKRET.az
