Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, qazilər və digər həssas sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər müzakirə olunur. Son vaxtlar xidmət və ticarət sahələrində bu kateqoriyadan olan vətəndaşlara xüsusi endirimlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Bəs bu cür güzəştlərin tətbiqi nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı hesab edir ki, bu məsələ həm parlamentdə, həm də aidiyyəti dövlət qurumları səviyyəsində müzakirəyə çıxarılmalıdır.

Cavanşir Abbaslı
“Bu çox vacib məsələdir. Hesab edirəm ki, parlamentdə də belə təkliflərin gündəmə gətirilməsi və irəli sürülməsi önəmlidir. Şəhid ailələri, müharibədə əlil olmuş şəxslər, qazilər bizim üçün çox həssas kateqoriyalardır. Onların daim diqqətdə saxlanılması, müəyyən güzəştlərlə əhatə olunması vacibdir”.
C.Abbaslı Türkiyə təcrübəsini nümunə göstərərək bildirib ki, qazi və veteranlara göstərilən mənəvi diqqət onların cəmiyyətdə özlərini daha dəyərli hiss etmələrinə səbəb olur:
“Türkiyədə qazi ictimai nəqliyyatdan istifadə edərkən xüsusi kartını təqdim etdikdə sistemdə “Vətən sizə minnətdardır” ifadəsi səslənir. Bu, qazilər üçün böyük mənəvi dəstək və qürur mənbəyidir.
Azərbaycanda da xüsusi kart sisteminin tətbiqi mümkündür. Bu kart vasitəsilə şəhid ailələri və qazilər ticarət və xidmət obyektlərində müəyyən endirimlərdən yararlanar. Məsələn, xüsusi kart sistemi tətbiq oluna bilər. Şəhid ailələri və qazilər alış-veriş zamanı bu kartdan istifadə etməklə müəyyən faiz güzəşti əldə edə bilərlər. Tutaq ki, məhsulun qiyməti 100 manatdırsa, onun 10 faizi qədər endirim tətbiqinə olunsun. Bu, dövlət büdcəsinə ciddi yük yaratmaz və böyük xərc tələb etməz”.
Abbaslı vurğulayıb ki, Vətən müharibəsindən sonra bu istiqamətdə yeni sosial təşəbbüslərin həyata keçirilməsi həm də cəmiyyətdə müşahidə olunan bəzi narazılıqların aradan qaldırılmasına müsbət təsir göstərəcək:
“Düşünürəm ki, dövlət bu istiqamətdə müəyyən addımlar atmalıdır. Xüsusi kart sistemi təqdim olunarsa, şəhid ailələri və qazilər müxtəlif alış-veriş məkanlarında ən azı 10 faiz güzəştdən yararlana bilərlər”, – deyə o, əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
